Accessibility links

İsrail Qəzza Xəstəxanası yaxınlığında təcili yardım maşınını vurub, 15 nəfərin öldüyü bildirilir


Əl-Şifa xəstəxanasının önü. Qəzza şəhəri. 3 noyabr, 2023.
Əl-Şifa xəstəxanasının önü. Qəzza şəhəri. 3 noyabr, 2023.

HƏMAS-ın nəzarət etdiyi anklavın səhiyyə nazirliyi bildirib ki, İsrailin cümə günü mühasirə altında olan Qəzzanın şimalından yaralıları çıxarmaq üçün istifadə edilən təcili yardım maşınına hava zərbəsi endirməsi nəticəsində 15 nəfər ölüb, 60 nəfər yaralanıb.

İsrail ordusunun bildirdiyinə görə, onlar "HƏMAS terror qruplaşmasının istifadə etdiyi" təcili yardım maşınını müəyyənləşdirib və vurublar. O, HƏMAS döyüşçülərinin zərbələr nəticəsində öldürüldüyünü bildirib və qrupu militantları və silahları təcili yardım maşınlarında daşımaqda ittiham edib.

HƏMAS rəsmisi İzzat Əl Reşiq bildirib ki, orada döyüşçülərin olduğuna dair iddialar “əsassızdır”. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qidra, təcili yardım maşının İsrailin Qəzza şəhərinin əl-Şifa xəstəxanası yaxınlığında hədəfə aldığı konvoyun bir hissəsi olduğunu söyləyib.

Qidra bildirib ki, İsrail təcili yardım karvanını birdən çox yerdə, o cümlədən əl-Şifa xəstəxanasının qapısı və bir kilometr uzaqlıqdakı Ənsar meydanında hədəf alıb.

İsrail ordusu hadisə ilə bağlı verdiyi açıqlamada təcili yardımın HƏMAS-la əlaqəsi olduğu iddiasını dəstəkləyəcək heç bir sübut irəli sürməyib, ancaq əlavə məlumat yaymaq niyyətində olduğunu bildirib.

"Biz bu ərazinin döyüş bölgəsi olduğunu vurğulayırıq. Ərazidəki mülki əhali öz təhlükəsizlikləri üçün dəfələrlə cənuba doğru təxliyə olunmağa çağırılır", - hərbçilər bildirib.

Reuters iki tərəfin də söylədiklərini müstəqil şəkildə yoxlaya bilməyib.

Sosial mediada yayılan və Reuters-in yoxladığı videoda insanların təcili tibbi maşının yanında qan içində yerdə yatdığı, başqa insanların isə yardım axtarışında qaçdığı göstərilir.

Bir digər videoda arxa-arxaya dayanan üç təcili tibbi yardım maşınını, yanlarında isə yerdə ona yaxın insanın hərəkətsiz bir şəkildə yatdığı göstərilib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus sosial mediada yerləşdirdiyi yazıda bildirib ki, o, "xəstələri evakuasiya edən təcili yardım maşınlarına edilən hücumlarla bağlı xəbərlərdən tamamilə şoka düşüb" və əlavə edib ki, xəstələr, tibb işçiləri və tibb müəssisələri qorunmalıdır.

Cümə günü Qidra bildirib ki, təcili tibbi yardım maşınları mühasirəyə alınmış Qəzza şəhərindən anklavın cənubuna müalicə olunmaq üçün təcili olaraq Misirə aparılmalı olan ağır yaralı fələstinliləri aparacaqdı.

HƏMAS-ı komanda mərkəzlərini və tunel girişlərini Əl-Şifa xəstəxanasında gizlətməkdə günahlandıran İsrail, keçən ay bütün mülki vətəndaşlara Qəzzanın şimalını tərk etmələrinə göstəriş verib və ordu cümə axşamı bölgəni mühasirəyə altına alıb.

Mülki əhalinin Qəzzanın şimal bölgələrini tərk etməsi göstərişinə baxmayaraq, İsrail ordusu zolağın cənubunu da bombalamağa davam edir.

Həmas və Əl-Şifa xəstəxanasının rəsmiləri obyektin militant döyüşçülər tərəfindən baza kimi istifadə edildiyini təkzib ediblər.

Forum

XS
SM
MD
LG