Xəzər dənizində suyun səviyyəsi son 5 il ərzində 69 santimetr, son 10 ildə 114 santimetr aşağı enib.
Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında bildirib.
Nazirin sözlərinə görə, bu vəziyyət sahilboyu zonalara, eyni zamanda balıqçılığa, dəniz nəqliyyatına, limanların fəaliyyətinə, tikintiyə və sahil zonasında yaşayan əhaliyə təsir göstərir.
O, Azərbaycanın Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif etdiyini deyib.
"Yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür. Buna görə də məsələyə xüsusi diqqət yetirilməlidir", o qeyd edib.
Babayevin sözlərinə görə, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi ekspedisiyalar keçirir.
Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Rövşən Abbasov Amerikanın Səsinə bildirib ki, Xəzərdə suyun səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində çoxlu dayazlıqlar əmələ gəlib.
“Bunun nəticəsində də həll olunmuş oksigen kəskin şəkildə aşağı düşüb və suyun temperaturu qalxıb. Bu da öz növbəsində balıqlar, o cümlədən canlıların yaşayış mühitynin pisləşməsinə səbəb olub. Dənizdə suyun səviyyəsinin aşağı düşməsi çay mənsəblərindən uzaqlaşma yaradır. Bu da balıqların və digər canlıların dənizdən çaylara keçidini çətinləşdirir. Onu da nəzərə alaq ki, çaylarda da sululuq kəskin şəkildə azalıb. Xəzər dənizində yaşayan balıqların əksəriyyəti miqrasiya edən canlılar olduğu üçün onlar çaylarda kürü tökürlər. Həm suyun səviyyəsinin azalması, həm də dənizin çayların mənsəbindən uzaqlaşması balıqların keçidini çətinləşdirib. Bütün hallarda isə suyun səviyyəsinin azalması, həll olunmuş oksigenein azalması və temeraturun artması dənizdə ekosistemin pisləşməsinə səbəb olub”, o qeyd edib.
Təhlilçi hesab edir k, Xəzərdə ekosistemin pisləşməsində insan faktorunun rolu böyükdür və ən öncül faktordur.
“Xəzəryanı ölkələrin əksəriyyəində çirklənmiş məişət suları və sənaye suları birbaşa Xəzərə axıdılır. Məsələn, bu yaxınlarda Azərbaycanın ekologiya naziri açıqladı ki, Bakı şəhərində və ətraf ərazilərdə çirkab sularının 40 faizi mərkəzləşdirilmiş təmizləmə sisteminə qoşulmayıb. Təbii ki, çirkab suları həm Rusiyadan, həm Azərbaycandan, həm Qazaxıstandan, Türkmənistandan və İrandan Xəzərə axıdlır. Çirkab sularında müxtəlif bakteriyalar var ki, oksigeni daha çox istehlak edir. Bu da suda həll olunmuş oksigenin azalmasına səbəb olur, yaşayış mühitini çirkləndirir”, Abbasov deyib.
Your browser doesn’t support HTML5
Xəzər sahilindəki dövlətlərin dənizin ekosistemi ilə bağlı imzaladıqları sazişin yerinə yetirilməsinə gəlincə mütəxəssis hesab edir ki, sahil dövlətləri öhdəliklərini tam yerinə yetirmir.
“Xüsusilə Rusiyada bu fəaliyyətin yerinə yetirilməsi çox aşağıdır. Azərbaycanda hazırda “Milli adaptasiya proqramına dəstək” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində Xəzər dənizində gələcəkdə sahil infrastrukturu üçün yeni adaptasiya tədbirləri hazırlanır. Eyni zamanda Bakıda iki böyük təmizləmə qurğusunun tikintisi nəzərdə tutulur. Bakının Pirşağı qəsəbəsində artıq tikilən, lakin hələ də istifadəyə verilməyən təmizləmə qurğusuna 11 yaşayış məskəninin qoşulması nəzərdə tutulur. Bu qurğuda sutkada 4 min kub metrdən çox çirkab suyu təmizlənərək Xəzər dənizinə axıdılacaq. Eyni zamanda Xırdalan istiqamətindən gələn çirkab sularının da Lökbatan təmizləmə qurğusunda təmizlənərək Xəzər dənizinə axıdılması nəzərdə tutulur”, təhlilçi qeyd edib.
Xəzər dənizi yer kürəsində ən böyük qapalı su hövzəsidir. Su hövzəsi okean səviyyəsindən 27,67 metr aşağıdadır (2017-ci il).
Dənizin uzunluğu 1200 kilometr, maksimal eni 466 kilometr, minimal eni 204 kilometr, sahəsi 392 min kvadrat kilometr, suyunun həcmi 79 min kubkilometrdir. Orta dərinliyi 207 metr, ən dərin yeri 1025 metrdir (Lənkəran çökəkliyi).
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti var. Bu çay vasitəsilə dənizə ümumi illik axar 80 faiz, digər çaylar - Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. 4,0-4,5 faiz təşkil edir.