Oktyabrın 29-da bir qrup insan Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın hava limanında Tel-Əvivdən gələn təyyarənin enişindən sonra uçuş zolağına çıxaraq yəhudilərin ölkədən çıxarılmasını tələb edib.
Rusiyanın Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin məlumatına görə, hava limanındakı etiraz iğtişaşlara yol açıb. İğtişaşın 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılıb.
“Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb. Hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir”, məlumatda qeyd edilib.
Dağıstanın Səhiyyə Nazirliyi 20-dən çox insanın yaralandığı barədə məlumat yayıb, onların arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər var.
Azərbaycan Milli Məclisinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində Dağıstanda yəhudilərə qarşı baş verən iğtişaşların regiona təsirləri, iştişaşların baş verməsində Rusiya siyasi hakimiyyətinin məsuliyyəti və Azərbaycanda yaşayan yəhudilərin təhlükəsizliyinin təminatından danışıb.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Mahaçqalada baş verən hadisələrə münasibətiniz necədir?
Rasim Musabəyov: Hər bir sivil insan belə bir hərəkəti pisləməlidir. Bu nə islami dəyərlərə, nə mövcud olan qanunvericiliyə, nə də dünyada qəbul olunmuş humanitar münasibətlərə cavab verən bir hərəkətdır. Bu açıq şəkildə dini, irqi dözümsüzlük nümayişidir.
Amerikanın Səsi: Bu hadisələr zamanı həm də Nalçik şəhərində yəhudilərin tikilməkdə olan mərkəzinin binası yandırılıb. Bu, Rusiyanın cənubunda etnik qarşıdurmaya gətirib çıxara bilərmi?
Rasim Musabəyov: Yox, gətirib çıxarmamalıdır. Azı ona görə ki, orada barmaqla sayılan qədər yəhudilər qalıb. Bilirsiniz, indi İsrail dövləti qarışıq ailələrə də vətəndaşlıq verir. İndi, bəlkə də Mahaçqala aeroportuna gələnlərin bir qismi avardır, ləzgidir, kabardindir və sairə. Kim isə bir yəhudi xanımla nikahdadır. Yəni orada yəhudilər çox deyil ki, bu hadisə münaqişə üçün əsas yaratsın. Orada bu münasibətlə qarşılaşan yəhudilər isə ya Rusiyanın Moskva və digər şəhərlərinə gedəcəklər ya da bir müddət sonra İsrailə gedəcəklər. Amma düşünmürəm ki, baş verən hadisələr davamlı etnik münaqişəyə təkan versin. Ayrı məsələ ki, bu kütlə yəhudi tapmayanda, hakimiyyətə qarşı çevriləcək. Bu, Şimali Qafqazda hakimiyyət və kütlə arasında toqquşma və gərginliyin artmasına gətirib çıxara bilər.
Amerikanın Səsi: Dağıstanda, həmçinin Dərbənd şəhərində xeyli sayda dağ yəhudiləri yaşayır. Bəs onların taleyi necə olacaq? Azərbaycana pənah gətirə bilərlərmi?
Rasim Musabəyov: Hansısa bir hissəsi Azərbaycana gələ bilər. Yəni Dərbəndlə Azərbaycanın Quba, Xaçmaz rayonları arasında 20-30 kilometrlik məsafə var. Onların Rusiya vətəndaşlığı pasportları var. Həmin pasportlarla Azərbaycanda azı 90 gün qala bilərlər və sonra rəsmiləşdirə bilərlər. Burada bir problem yoxdur. Ancaq təkrar edirəm, Dağıstanda o qədər də çox dağ yəhudisi yoxdur. Onların da əksəriyyəti Dağıstandakı ata evlərini saxlasalar da, yaşayış yerləri heç də Dağıstan deyil.
Amerikanın Səsi: Sizcə Dağıstanda etiraz təşəbbüsü siyasi hakimiyyətdən, yoxsa xalqdan və ya islamçılardan gəlib?
Rasim Musabəyov: Hər halda bunu Bakıdan deməyə çətinlik çəkirəm. Ancaq mən Rusiya təhlilçilərini, o cümlədən müxalif təhlilçiləri dinləyirəm. Onlar deyirlər ki, bütün ekstremist, o cümlədən dini radikal qruplar Rusiya Federal Təhlükəsizlik Xidmətinin tam nəzarətindədir. Onlar deyəndə ki, bunu bir balaca edin. Balaca başlayan hadisələr bir çox hallarda nəzərdə tutulan çərçivədən kənara çıxır. Ancaq bu proseslər əvvəlcədən, o cümlədən bu qurumlar tərəfindən idarə olunmasa da, yönəldilir. Bu da var. Ancaq təkrar edirəm, bu versiyalar üzərində durmaq üçün mənim əlimdə heç bir fakt yoxdur.
Amerikanın Səsi: Azərbaycanda yəhudi icmalarının durumu necədir? Təhlükəsizlikləri ilə bağlı hər hansı problem mövcud deyilki?
Rasim Musabəyov: Düşünmürəm ki, bu problem olsun. Ona görə ki, azərbaycanlıların yaddaşı möhkəmdir. Yaddaşlarda Ermənistanla apardığımız müharibədə, bizim torpaqlarımız işğal altında olanda, özünü din qardaşı kimi qələmə verən ərəb ölkələrinin, qonşu İranın yanaşması, bir də İsrailin yanaşması mövcuddur. Müharibə zamanı İsrail Azərbaycana silah göndərirdi, İsrail və yəhudi icmaları ABŞ-da, Avropa ölkələrində diplomatik və media dəstəyi verirdi. Halbuki, qonşu İran öz ərazisindən Rusiya silahlarını Ermənistana ötürməklə məşğul idi. Sonrakı davranışını da gördük. İndi qonşuluqdan Azərbaycan həyatına təsir etmək imkanları kəsilib və düşünürəm ki, bu tədbirlər davam olunur. Ona görə də həm Azərbaycandakı ictimai rəy, həm dövlət qurumları Azərbaycanda yəhudilərə qarşı Dağıstandakı kimi hər hansı yad hərəkətin qarşısını almaq iqitidarındadır.