İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Haqari cümə günü Qəzza zolağında “quru əməliyyatların genişləndiriləcəyini” bildirib.
"Biz Qəzza şəhəri və ətraf ərazilərə hücumları davam etdirəcəyik" - deyə, o qeyd edib.
Mətbuat konfransı zamanı o, qəzzalıları zolağın cənubuna getməyə çağırıb.
AFP agentliyi öz müxbirlərinə istinadən Qəzza zolağının şimal hissəsinin intensiv bombardman edildiyini bildirir.
Həmçinin Qəzzada mobil rabitə və internetin yoxa çıxdığı bildirilir.
Bundan öncə İsrail Müdafiə Qüvvələrinin bildirdiyinə görə, son 24 saat ərzində Qəzza zolağında hədəfli əməliyyatlar həyata keçirib və HƏMAS-ın onlarla hədəfinə zərbələr endirib. İsrailin quru qüvvələri qırıcı və pilotsuz uçuş aparatlarının müşayiəti ilə Qəzza zolağının mərkəzi hissəsində reyd keçirib. The Jerusalem Post xəbər verir ki, əməliyyat oktyabrın 27-nə keçən gecə baş verib.
Əməliyyat zamanı aviasiya və artilleriya HƏMAS-ın Şucayya bölgəsində və Qəzza zolağının hər yerindəki hədəflərinə zərbələr endirib.
"Əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri çoxsaylı terrorçu hədəfləri - tank əleyhinə raket sistemlərinə, hərbi komandanlıq və idarəetmə mərkəzlərinə və HƏMAS terrorçularına zərbələr endirib" - deyə, məlumatda bildirilib.
Əməliyyatdan sonra İsrail hərbçiləri ərazini tərk edib. İsrail hərbçiləri arasında itki yoxdur.
İsrail Müdafiə Qüvvələri həmçinin HƏMAS-ın hücumlarına rəhbərlik edən komandir Həsən Əl-Abdullanın və oktyabrın 7-də İsrailin cənubuna hücumda rol oynamış üç yüksək rütbəli militantın öldürüldüyünü bildirib.
Bu arada, Pentaqon Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun dəstəklədiyi silahlılarla əlaqəli silah-sursat obyektlərinə zərbələrin endirildiyi barədə məlumat verib. Bu hücum ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarına edilən hücumlara cavab olaraq həyata keçirilib. Reuters xəbər agentliyinin bildirdiyinə görə, son bir həftə ərzində onlar 19 dəfə hücuma məruz qalıblar.
ABŞ-ın hava hücumları cümə günü təxminən səhər saat 4:30 radələrində Suriyanın İraqla sərhədindəki Əbu Kamal şəhəri yaxınlığında, iki "F-16" qırıcı təyyarələri tərəfindən dəqiq idarə olunan hərbi sursatlardan istifadə etməklə həyata keçirilib.
“Bu dəqiq özünümüdafiə zərbələri oktyabrın 17-də İranın dəstəklədiyi milis qrupları tərəfindən İraq və Suriyada ABŞ personalına qarşı davam edən və əsasən uğursuz hücumlara cavabdır”, Pentaqonun rəhbəri Lloyd Ostin açıqlamasında bildirib.
HƏMAS-ın İsrailə hücum nəticəsində 1400-ə yaxın insan həlak olub, 300-ə yaxını hazırda xəstəxanalardadır, 5132 nəfər müalicə olunub. Qəzzanın HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada 7000-dən çox insan həlak olub.
Forum