Accessibility links

Pentaqon: Suriyanın şərqindəki hədəflərə zərbələrin İsrail və HƏMAS arasında davam edən münaqişəyə aidiyyatı yoxdur


Pentaqon rəhbəri Lloyd Ostin cümə axşamı ABŞ-ın Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə endirdiyi zərbələrlə bağlı açıqlama verib.

Ostinin sözlərinə görə, "bu yüksək ixtisaslaşmış özünümüdafiə zərbələri yalnız İraq və Suriyadakı ABŞ personalının müdafiəsinə yönəldilib".

Pentaqon rəhbəri izah edib ki, özünümüdafiə məqsədilə edilən bu dəqiq zərbələr İranın dəstəklədiyi silahlı qrupların İraq və Suriyada ABŞ personalına qarşı davam edən böyük ölçüdə uğursuz olan hücumlarına cavabdır.

Pentaqonun məlumatına görə, bu cür hücumlar oktyabrın 17-də başlayıb.

Pentaqon rəhbəri açıqlamasında bildirib ki, "bu hücumlar nəticəsində bir ABŞ podratçısı sığınacaqda olarkən infarktdan ölüm; 21 amerikalı hərbçi yüngül xəsarətlər alıb, lakin onların hamısı artıq xidmətə qayıdıb".

Zərbələr ABŞ prezidenti Co Baydenin göstərişi ilə həyata keçirilib

"Prezidentin Amerika personalının təhlükəsizliyindən daha üstün prioriteti yoxdur. Birləşmiş Ştatlar bu cür hücumlara dözməyəcək və özünü, şəxsi heyətini və maraqlarını müdafiə edəcək" – deyə, Ostin qeyd edib.

Eyni zamanda, Ostin qeyd edib ki, Birləşmiş Ştatlar "münaqişəyə can atmır və gələcək hərbi əməliyyatlarda iştirak etmək niyyəti və ya istəyi yoxdur”, lakin o, eyni zamanda bildirib ki, "İranın dəstəyi ilə Amerika qüvvələrinə hücumlar qəbuledilməzdir və dayandırılmalıdır".

"İran əli olduğu gizlətmək və qüvvələrimizə qarşı bu hücumlarda rolunu inkar etmək istəyir. Biz onlara bunu etməyə imkan verməyəcəyik. Əgər İran tərəfdarlarının ABŞ əsgərlərinə hücumu davam edərsə, biz xalqımızı qorumaq üçün lazım olan əlavə tədbirlər görməkdən çəkinməyəcəyik" – deyə, Ostin bəyanatında bildirib.

Sənəddə qeyd edilir ki, Suriyanın şərqindəki hədəflərə endirilən zərbələr "İsrail ilə HƏMAS arasında davam edən münaqişəyə aid deyil və bu, ABŞ-ın İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşmasının dəyişməsi demək deyil".

"Birləşmiş Ştatlar bütün dövlət və qeyri-dövlət qurumlarını daha geniş regional münaqişənin eskalasiyasına səbəb ola biləcək addımlar atmamağa çağırmaqda davam edir" – deyə, Pentaqon rəhbəri bildirib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Pat Rayder də cümə axşamı deyib ki, "ABŞ-ın Yaxın Şərqdəki səyləri Qəzza zolağında HƏMAS terrorçuları ilə mübarizə apararkən İsrailin müdafiəsini dəstəkləməyə, HƏMAS-ın İsrailə qarşı müharibəsini bəhanə kimi istifadə etmək istəyən digər oyunçuların münaqişəni genişləndirmək səylərinin qarşısını almağa və regionda xidmət edən Amerika qüvvələrini müdafiə etməyə yönəlib”.

Rayder bildirib ki, hazırda ABŞ Mərkəzi Komandanlığının ərazisində 900-ə yaxın ABŞ əsgəri yerləşdirilib.

Forum

XS
SM
MD
LG