Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 2 saylı şöbəsi güneyli milli fəal Saleh Molla Abbasinin 91 gün müddətində həbs hökmünü qüvvədə saxlayıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Apellyasiya Məhkəməsi Əhər şəhərinin sakini olan milli fəal Saleh Molla Abbasiyə qarşı "yalan xəbər yaymaq vasitəsilə ictimai rəydə təşviş yaratmaq" ittihamından verilən qərarı qüvvədə saxlayıb.
Molla Abbasi Apellyasiya Məhkəməsinin hökmünün surətini öz şəxsi İnstagram səhifəsində nəşr edib.
O, bundan əvvəl iyul ayında Əhər şəhərinin Cinayət Məhkəməsinin 101 saylı şöbəsi tərəfindən bu cəzaya məhkum edilmişdi.
SEE ALSO: Əhər məhkəməsi siyasi fəal Saleh Molla Abbasini 91 gün həbsə məhkum edibEhtimal olunur ki, milli fəala qarşı irəli sürülən ittihamın səbəbi İranda məktəblərdə, o cümlədən İran Azərbaycanının vilayətlərindəki məktəblərdə şagirdlərin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı məlumat paylaşması ilə bağlıdır.
Mayın 21-də polis əməkdaşları onun evinə gələrək onu həbs edib məhkəməyə veriblər. Molla Abbasi Əhər məhkəməsinin prokurorluğunun 3-cü şöbəsinə aparılıb. Daha sonra 120 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. Onun məhkəmə iclası iyul ayında keçirilib və bir neçə gündən sonra məhkəmə tərəfindən ona verilən həbs qərarı vəkili Əsgər Məhəmmədiyə bildirilib.
Saleh Molla Abasi bundan öncə də apardığı dinc fəaliyyətlərdən dolayı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, müxtəlif təzyiqlərə məruz qalıb.