Sentyabrın 26-da Azərbaycan ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobilini, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşınını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salıb.
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Azərbaycan hökuməti sentyabrın 26-da günün ikinci yarısında Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə Xankəndində yaşayan erməni sakinlərində daha 30 ton benzin və 34 ton dizel yanacağı göndərib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirir ki, Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın “Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Nazirlik bildirir ki, ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
“Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib”, məlumatda qeyd edilir.
Rəsmi məlumatlara görə, sentyabrın 25-də axşam saatlarında Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partalyış nəticəsində çoxsaylı insan həyatını itirib, iki yüzdən çox insan xəsarət alıb.
Hadisədən dərhal sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi kömək məqsədi ilə dərman və tibbi ləvazimatlarla dolu tibbi yardım avtomobilini Xankəndinə göndərib.
Bununla yanaşı, Azərbaycan Ermənistandan tibbi yardımın öz hava məkanı ilə çatdırılmasına icazə verib.
Belə ki, bu gün səhər həkim qrupu zəruri dərman və tibbi ləvazimatlarla birlikdə vertolyotla Ermənistandan Xankəndinə yola düşüb. Həmin vertolyot xəstələrin bir hissəsini Yerevana aparacaq.
Qarabağa yardımın çatdırılması ilə bağlı məlumatlar erməni sakinlərin regionu tərk etməyə davam etdiyi fonda verilir.
Ermənistan hökumətinin sentyabrın 26-sı Bakı vaxtı ilə saat 8-ə olan məlumatına görə, Qarabağdan Ermənistana 13 550 nəfər gedib.
Sakinlərin çoxu minik avtobillərində, bəzilərinin isə üstüaçıq yük maşınlarında və traktorlarda Gorusa keçmək üçün Laçın yoluna çıxıblar.