Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlini qoyub. İki ölkənin prezidenti həm də Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalayıb. Həmçinin İki ölkə arasında yaşıl enerji ilə bağlı sənəd imzalanıb.
Azərbaycan və Türkiyə Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında da iştirak edib.
Prezident İlham Əliyev bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi iki ölkə arasında əlaqələrə yeni təkan verəcək.
“İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”, o qeyd edib.
Əliyev Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını da tarixi hadisə adlandırıb.
“Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”, Azərbaycan Prezidenti bildirib.
Əliyevin sözlərinə görə, yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq.
“Biz bu gün sizinlə eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolunun tutumunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları bir milyondan beş milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır”, o qeyd edib.
Prezident Əliyev üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın rəsmilərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan 3-cü Enerji Forumunun keçiriləcəyini deyib.
“Əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, bizim Naxçıvan “yaşıl enerji” zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var”, o qeyd edib.
Prezident Əliyev Azərbaycanın sentyabrın 19-da keçirdiyi lokal antiterror tədbirlərindən danışarkən deyib ki, Azərbaycan Qarabağda suverenliyini tam bərpa edib. O, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların təhlükəsizliyinin təmin ediləcəyini bildirib.
“Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, güvənliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək”, o deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülhün vacibliyini qeyd edib.
“Artıq Ermənistanın Azərbaycanın barış əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik”, o qeyd edib
Türkiyə Prezidenti deyib ki, Naxçıvan tarix boyu daşıdığı strateji önəmlə Azərbaycanla əlaqələrdə özəl bir yerə sahibdir.
“Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılmasıyla Naxçıvanın bu potensialı tam mənasıyla həyata keçirmək imkanına qovuşacağıq”, o qeyd edib.
Forum