Accessibility links

Rəsmi Bakı: Xankəndi Ermənistan enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulub


Xankəndi şəhəri
Xankəndi şəhəri

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

“Artıq Xankəndində Azərbaycan işığı yanır”, Prezident Administrasiyasının məlumatında deyilir.

Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş zamanı bölgəyə qida məhsulları və yanacaqla dəstəyinin göstərilməsi müzakirə mövzularından olub.

“[Qarabağın erməni sakinlərinin] xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstək həyata keçiriləcək” - rəsmi Bakının nümayəndələri sentyabrın 21-i Yevlax şəhərində keçirilən görüşdən sonra mətbuata bildirib.

Sentyabrın 24-ü verilən rəsmi məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi də Ağdam-Əsgəran-Xankəndi yolu ilə 24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağını Xankəndi şəhərinə çatdırıb. Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacağı bildirilir.

Bu həftə Azərbaycan Sovet İttifaqının dağılmasından sonra erməni sakinlərin nəzarətində olan Qarabağ bölgəsində qələbə əldə edib.

Qarabağ bölgəsinin bir qrup erməni sakini müvəqqəti olaraq Ermənistanın Goris şəhərində yerləşdirilir.
Qarabağ bölgəsinin bir qrup erməni sakini müvəqqəti olaraq Ermənistanın Goris şəhərində yerləşdirilir.

Qarabağ erməniləri liderinin müşaviri David Babayan sentyabrın 24-də Reuters-ə bildirib ki, əhali Azərbaycan idarəçiliyi altında özünü təhlükəsiz hiss etmədiyi üçün bölgəni tərk edə bilər: “Bizim insanlar Azərbaycanın tərkibində yaşamaq istəmirlər, 99.9 faiz tarixi torpaqlarımızı tərk etməyə üstünlük verir.”

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 24-də erməni sakinlərin Qarabağı tərk etməsi ehtimalının artdığını bildirib və ermənilərin təhlükəsizliyini təmin etmədikləri üçün Rusiyanı günahlandırıb.

“Hökumət Dağlıq Qarabağdan olan bizim qardaş və bacılarımızı tam qayğı ilə qəbul edəcək” – deyə Ermənistan baş naziri bildirib.

Forum

XS
SM
MD
LG