Accessibility links

Ermənistan rəsmiləri: Qarabağdan 4850 erməni çıxıb


Ermənistan hökuməti yaydığı son bəyanatda Qarabağı tərk edən ermənilərin sayının 4850-ə çatdığını bildirir.

Rəsmilərin sözlərinə görə, 3900 nəfərin köçkünün qeydiyyatı başa çatıb və hazırda 950 köçkünün sənədləşdirilməsi prosesi gedir.

Gorusdakı yerli rəsmilər Qarabağdan çıxan qaçqınların yerləşdirilməsi üçün tədbirlər görüldüyün deyirlər.

“Biz onların buradakı ehtiyaclarını nəzərdən keçiririk,” deyə Gorus merinin müavini İrina Yolyan Armenpress xəbər agentliyinə bildirib. Onun sözlərinə görə, tibbi yardıma ehtiyacı olan şəxslər yerindəcə müayinə olunur.

“Gorusda qalmaq istəyən şəxslər otellərdə yerləşdirilir, başqa qəsəbələrə köçmək istəyənlər isə Sisian, Tatev, yaxud Vayots Dzor vilayətlərinə gedirlər,” o bildirib.

Ermənistan rəhbərliyi Qarabağı tərk edən erməni sakinləri qəbul etməyə hazır olduğunu bəyan edib. Qarabağ ermənilərinin təmsilçiləri isə regiondakı əksər ermənilərin Azərbaycan hakimiyyəti altında yaşamaqdan çəkindiyini deyib.

"Bizim insanlar Azərbaycanın tərkibində yaşamaq istəmirlər," tanınmamış Dağlıq Qarabağ respublikasının prezidenti kimi təqdim edilən Samvel Şahramanyanın müşaviri David Babayan Reuters agentliyinə bildirib. "99.9 faiz tarixi torpaqlarımızı tərk etməyə üstünlük verir."

Bazar ertəsi Xocalı qəsəbəsində Qarabağ ermənilərinin təsmilçiləri ilə rəsmi Bakının nümayəndələrinin görüşü keçirilir. Görüşün başlıca mövzusu regionda qalan ermənilərin Azərbaycana reinteqrasiyasıdır.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, bazar günü Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.

Azərbaycan rəsmilərinin bildirdiyinə görə, Qarabağda yaşayan erməni sakinlərə humanitar yardımlar da davam etdirlir. Rəsmi məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə 24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağını Xankəndi şəhərinə çatdırıb. Yanacağın ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacağı bildirilir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məlumatına görə isə Qarabağ erməniləri üçün nəzərdə tutulmuş 70 ton yük Beynəlxalq Qızıl Xaç Komitəsinin karvanıyla Laçın yolu ilə keçib. Məlumatda deyilir ki, ehtiyacı olan icmalar üçün nəzərdə tutulan yükə 66 ton un, 2 700 kiloqram duz, 450 kiloqram quru maya və 375 litr günəbaxan yağı daxildir.

Forum

XS
SM
MD
LG