Rusiya Müdafiə Nazirliyi: Qarabağın silahlı birləşmələri silah və hərbi texnikanın təhvil verilməsinə başlayıb

Rusiya sülhməramlıları kontingeti Qarabağın mülki əhalisi üçün humanitar yüklər çatdırır.

Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağın münaqişə zonasındakı Sülhməramlı Kontingenti”nin sentyabrın 22-də yaydığı məlumatda deyilir ki, döyüş əməliyyatlarının dayandırılması haqqında saziş bağlanandan conra Əsgəran rayonu ərazisində iki dəfə atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi və Qarabağ nümayəndələri ilə birgə bu faktlarla bağlı araşdırma aparır.

“Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsinə başlayıb. Sentyabrın 22-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 800 vahiddən çox atıcı silah və tank əleyhinə silahlar, 5000-ə yaxın döyüş sursatı təhvil verilib”, məlumatda qeyd edilir.

Xəbərdə həmçinin deyilir ki, Rusiya sülhməramlıları Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağın mülki əhalisi üçün humanitar yüklərin çatdırılmasını təmin edib. Ümumilikdə 50 tondan çox ərzaq çatdırılıb.

Rusiya Sülhməramlı kontingenti bildirir ki, hazırda öz evlərinə qayıda bilməyən 440-ı uşaq olmaqla 826 mülki şəxs var. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur.

Azərbaycan Prezidentinin Administrasiyasının sentyabrın 23-də yaydığı məlumata görə isə Azərbaycan Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradıb.

İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir. İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.

Məlumata görə, 2023-cü il sentyabrın 20-dən etibarən İşçi qrup tərəfindən aşağıdakı tədbirlər həyata keçirilib: “Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir. Sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək. Rusiya sülhməramlı qüvvələri kontingentinin şəxsi heyətinin istifadəsi, eləcə də sülhməramlılar vasitəsilə mülki əhaliyə çatdırılması üçün Laçın-Xankəndi yolundan ərzaq və gündəlik tələbat mallarının keçidi təmin olunur. BQXK tərəfindən Ağdam-Əsgəran-Xankəndi və Laçın-Xankəndi yolu ilə ərzaq, dərman preparatları və uşaq qidasından ibarət yüklərin aparılmasına, təşkilatın Bakı və Cenevrə ofislərindən Xankəndidə olan alt-ofisinə əlavə heyətin ezam olunmasına şərait yaradılır. BQXK müraciəti əsasında tibbi yardıma ehtiyacı olan şəxslərin Ermənistana təxliyəsi üçün zəruri imkanlar yaradılır”, məlumatda qeyd edilir.

Qarabağda erməni əhalinin nümayəndələri isə cümə günü (22 sentyabr) bildirib ki, Azərbaycan rəsmiləri ilə hələ ki, təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə olunmayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi sentyabrın 22-də etdiyi açıqlamasında sentyabrın 18-də “Laçın dəhlizi” və “Ağdam yolu” ilə çox ehtiyac duyulan buğda unu və zəruri tibbi məhsulların eyni vaxtda çatdırılmasını təşkil etdiyini bildirib. Komitə həmçinin bildirib ki, müşayiətsiz uşaqları axtaran və ya yaxınları ilə əlaqəsi kəsilən insanları qeydiyyata almağa başlayıb.

“Sakinlər ölən qohumlarının cəsədlərinin təxliyəsinə kömək etmək üçün BQXK-ya da müraciət ediblər,” qurumun açıqlamasında deyilir.