Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə telefon danışığı apararaq regionda mövcud vəziyyəti müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 8-i baş tutan telefon danışığı zamanı nazir Ceyhun Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Ermənistan tərəfindən yayılan “gərgin humanitar vəziyyət” və “blokada” iddialarının əsassız olduğunu, bunun Ermənistanın siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb.
“Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb”, məlumatda qeyd edilir.
Ceyhun Bayramov həmçinin Ermənistanın post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane təxribatçı addımlar atdığını, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edib.
Almaniya xarici işlər naziri Annalena Berbok bir neçə gün əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da telefon danışığı aparıb.
Ermənistanın rəsmi mənbələrinə əsasən, telefon danışığı zamanı regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub, Ararat Mirzoyan Azərbaycanın öz hərəkətləri və hərbi təxribatları ilə Cənubi Qafqazda sabitliyi pozmağa çalışdığını qeyd edib. Nazirlər həmçinin Qarabağda humanitar vəziyyət barədə danışıblar.
“Dağlıq Qarabağda hər gün daha da ağırlaşan humanitar böhran və onun Dağlıq Qarabağ əhalisi, xüsusilə həssas qruplar üçün fəsadları və böhranın aradan qaldırılmasının aktuallığı vurğulanıb. Nazir Mirzoyan Beynəlxalq Ədalət Məhkəməsinin sərəncamlarına uyğun olaraq Laçın dəhlizinin blokadasının götürülməsi ilə bağlı Ermənistanın mövqeyini bir daha təkrarlayıb və beynəlxalq aktyorların, o cümlədən Aİ-nin bu istiqamətdə aydın addımlar atmasının vacibliyini vurğulayıb”, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Annalena Berbok avqustun 31-i mətbuata açıqlamasında Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edərək, məsələnin həlli üçün Azərbaycan və Rusiyaya çağırış edib.
“Oradakı insanların vəziyyəti fəlakətlidir. Supermarketlərdə ərzaq yoxdur, hamilə qadınlar ehtiyacları olan dərmanları tapa bilmirlər. Elektrik enerjisi yalnız arabir verilir. Ona görə də biz həm Azərbaycana, həm də Rusiyaya müraciət edirik: insanlar nəhayət ehtiyac duyduqları təchizatı əldə etməlidirlər”, Berbok vurğulayıb.
Almaniyalı nazirin bu çıxışına Azərbaycan Xarici İşlər Nazirliyi dərhal reaksiya verib. Nazirliyinin sözçüsü Ayxan Hacızadə Berbokun fikirlərinə münasibət bildirərək qeyd edib ki, humanitar vəziyyətlə bağlı qeyd edilənlər “Ermənistanın yanlış təbliğatının məhsuldur”.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.
Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliynin "siyasi manipulyasiyalarını" göstərib.
Digər tərəfdən Azərbaycan avqustun 30-u Paris şəhərinin merinin başçılıq etdiyi humanitar yardım konvoyunu Laçın sərhəd məntəqəsindən buraxmayıb və bu addımın "Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğunu" vurğulayıb.
Ermənistan baş naziri Nikol Paşinyan Fransadan humanitar konvoyun buraxılmaması ilə bağlı şərhində qeyd edib ki, “yüklərin daşınmasının qarşısının alınması Azərbaycanın Qarabağda humanitar böhranı bir daha dərinləşdirməyə yönəlmiş siyasətinə dəlalət edir”.
BQXK 18 avqust tarixində yaydığı məlumatda Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.