Paris meri Fransadan göndərilən humanitar yardımın Qarabağa buraxılmadığını deyir

Fransanın bir neçə şəhərinin meri və digər seçkili orqanların nümayəndələri Qarabağa göndərilən humanitar yardım konvoyuna qoşulub

Fransadan paytaxtı Parisdə və bir neçə digər böyük şəhərlərdə toplanan 10 yük maşınından ibarət humanitar yardım konvoyu avqustun 30-u Ermənistanın paytaxtı Yerevandan Qarabağ istiqamətində yola düşüb.

Humanitar yardım konvoyuna Paris şəhərinin meri Ann İdalqo, Fransanın digər bir neçə şəhərinin meri, habelə Fransanın seçkili orqanlarının nümayəndələri qatılıb.

“Parisin və digər icmaların rəsmiləri ilə birlikdə Ermənistandayıq. Artıq 9 aydır Artsaxda (Qarabağ) yaşayan 120 min erməni, o cümlədən 30 min uşaq təcrid olunmuş, ac və hər şeydən məhrum edilmiş vəziyyətdədir. Biz humanitar fəlakətlə üz-üzə olan insanlara təcili yardım göstəririk,” Ann İdalqo öz “X” (keçmiş Twitter) səhifəsində yazıb.

Paris meri daha sonra Ermənistan və Azərbaycan sərhədində olduqlarını, humanitar yükün buraxılmadığını qeyd edib.


Digər tərəfdən avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə 40 ton un məmulatlarından ibarət humanitar yardımın yola düşdüyünü bildirib. Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi humanitar yardımın problemsiz ünvana çatacağına ümid etdiyini, növbəti mərhələdə digər zəruri ehtiyacların da çatdırılmasına hazır olduqlarını qeyd edib.

Qarabağın erməni təmsilçiləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın yardımının çatdırılması barədə razılaşmanın olmadığını qeyd edərək, yük maşınlarının buraxılmayacağını bildiriblər.

Azadlıq radiosunun Ermənistan xidmətinin məlumatına görə, özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumun parlamentinin spikeri Davit İşakyan avqustun 30-u Ağdam-Xankəndi yolunun bağlı qalması və yardımların çatdırılması üçün bu yoldan istifadə edilməməsi ilə bağlı yekdil qərar olduğunu deyib.

SEE ALSO: Azərbaycan Ağdam-Xankəndi yolu ilə humanitar yardım göndərməyə çalışır

Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan liderlərinə zəng edərək regionda vəziyyəti müzakirə edib.

Rəsmi məlumata görə, İlham Əliyev telefon söhbəti zamanı Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını və bundan siyasi manipulyasiya məqsədilə istifadə edildiyini bildirib. Prezident Laçın yolunun açılmasını istisna etməyib.

“Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”, İlham Əliyev qeyd edib.

Azərbaycan bu ilin aprel ayında Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsi qurub. Rəsmi Bakı keçid məntəqəsində yerli erməni əhalinin və yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi və ya Rusiya sülhməramlılarının müşayiətilə keçidinə şərait yaradıldığını qeyd edib.

İyun ayının 15-də baş verən silahlı insident, daha sonra iyulun 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobillərində qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə məntəqədən keçid müvəqqəti dayandırılıb.

Bundan sonra Azərbaycan tərəfi Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyulda Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

BQXK 18 avqustda yaydığı məlumata görə, Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.