Ukrayna rəsmiləri Rusiyanın avqustun 28-də Ukraynanın şərqindəki Poltava bölgəsinə gecə hücum təşkil etdiyini və üç nəfərin həlak olduğunu bildirib.
Daxili işlər naziri İqor Klimenko ilkin olaraq bildirib ki, Poltava vilayətinin mərkəzində yerləşən sənaye zavodunda üç nəfər həlak olub. Onun sözlərinə görə, beş nəfər xəsarət alıb, daha bir nəfər isə itkin düşüb. Sonradan itkin düşmüş şəxsin cəsədi aşkar edilib.
Avqustun 27-də gecə saatlarında Rusiya ordusunun atdığı raketlərdən 4 ədədi Poltava vilayətinin Mirqorod rayonunun Qoqolevo kəndində azərbaycanlı bizmesmen Qurban Qurbanovun sahibi olduğu məişət yağları zavoduna düşüb.
Yaralanmış beş nəfər xəstəxanaya yerləşdirilib.
İş adamı Qurban Qurbanov Amerikanın Səsinə baş verənlər barədə məlumat verib.
Onun sözlərinə görə, həlak olanların hamısı yerli sakinlərdir.
Rusiyanın raket zərbələri ilə bağlı məlumat Kyiv hökumətinin avqustun 28-də Ukrayna qüvvələrinin ölkənin cənub-şərqində yerləşən Rabotino kəndinin azad edildiyini təsdiqlədiyi və Zaporijye vilayətində irəliləyişə nail olunduğu haqda məlumat verdiyi vaxta təsadüf edir.
Ukraynanın müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Ukrayna qüvvələri Baxmutdan cənuba doğru irəliləməyə davam edir.