Accessibility links

Ukrayna Rusiyanı raket zərbələrində, Rusiya isə Ukraynanı dron hücumlarında ittiham edir


Ukrayna ordusu bazar ertəsi Rusiyanın keçən gecə raket hücumları həyata keçirdiyi, Rusiya isə Ukraynanın Rusiya ərazisini hədəfə almaq üçün bir neçə drondan istifadə etdiyi barədə məlumat verib.

Ukraynanın Baş Qərargahı hava hücumundan müdafiə vasitələrinin Rusiyanın iki qanadlı raketini və iki idarə olunan raketini məhv etdiyini, lakin Poltava vilayətində mülki sənaye obyektinin vurulduğunu bildirib.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andriy Yermak Telegram kanalındada Poltavada bitki yağı zavoduna hücum zamanı iki nəfərin öldüyünü, regionun qubernatoru Dmitri Lunin isə daha iki nəfərin yüngül xəsarətlərlə xəstəxanaya aparıldığını bildirib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyarın bildirdiyinə görə, Ukrayna əsgərləri bazar ertəsi Robotin qəsəbəsini azad edib. Ukrayna ordusu ərazilərini geri almağa çalışdığı və əks-hücuma keçdiyi üçün Zaporijye bölgəsindəki bu ərazi döyüş meydanına çevrilib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Moskvanın cənub-şərqindəki Lyubertsı rayonunda Ukraynaya məxsus pilotsuz təyyarənin vurulduğunu bildirib.

Rusiya paytaxtı yaxınlığına edilən dron hücumlarında olduğu kimi, bölgədəki hava limanlarında uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Rusiya həmçinin Ukrayna ilə həmsərhəd Bryansk vilayəti üzərində Ukraynanın iki pilotsuz təyyarəsini məhv etdiyini bildirib.

Şənbə günü xalqa müraciətində Ukrayna prezidenti Volodimir Zelenski bu il Ukrayna səmalarında F-16 təyyarələrinin görünəcəyini bəyan edib.

Bir çox müşahidəçilərin fikrincə, Ukraynanın hərbi aviasiya arsenalına NATO standartlı təyyarələrin təqdimatı müharibənin gedişatına əhəmiyyətli təsir göstərə bilər.

Forum

XS
SM
MD
LG