Accessibility links

Rusiya Ukraynanın 42 pilotsuz təyyarəsini vurduğunu iddia edir


Rusiya cümə günü səhər saatlarında Ukraynadan buraxılan onlarla pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, 2014-cü ildə ilhaq etdiyi Krım üzərində 9-unun Hava Hücumundan Müdafiə Qüvvələri, 33-nün isə elektron müharibə sistemləri ilə olmaqla, 42 pilotsuz təyyarəni məhv edib.

Ölənlər barədə məlumat verilməyib.

ABŞ Müdafiə Nazirliyi cümə axşamı bildirib ki, ukraynalılara "F-16" qırıcılarını idarə etməyi və onlara xidmət göstərməyi öyrədəcək.

Müdafiə Nazirliyinin açıqlamasında deyilib ki, təlim Arizona ştatının Tuson şəhərindəki Morris Milli Hava Mühafizəsi Bazasında keçiriləcək və Milli Hava Qvardiyasının 162-ci qanadı tərəfindən idarə olunacaq.

Pentaqonun mətbuat katibi, Hərbi Hava Qüvvələrinin brigada generalı Pat Rayder ABŞ-ın təlimləri "Ukraynanın uzunmüddətli müdafiəsini inkişaf etdirmək və gücləndirmək üçün beynəlxalq səylərə dəstəkdir" deyib.

Təlimlər ukraynalıların sentyabrda başlayacaq ingilis dili kursunu bitirməsindən sonra, oktyabr ayında başlayacaq.

Norveçin baş naziri Yonas Qar Styore cümə axşamı Kyivə səfəri zamanı ölkəsinin Ukraynaya "F-16" qırıcıları bağışladığını bəyan edib.

Hədiyyə edilən təyyarələrin dəqiq sayı məlum olmasa da, Qar Styore onların sayının 10-dan az olacağını deyib.

Cümə axşamı ABŞ ukraynalı uşaqların deportasiyası və indoktrinasiyası ilə məşğul olan 11 şəxs və iki quruma qarşı sanksiyalar elan edib.

ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamasında sanksiyaların "Ukraynalı uşaqların Rusiyada və Rusiyanın işğalı altında olan Krımda indoktrinasiyasını təbliğ edən düşərgələrə zorla köçürülməsi və deportasiyasındakı rollarına görə tətbiq edildiyini" deyib.

"ABŞ Rusiyanın müharibə cinayətləri və insanlığa qarşı cinayətlərinə biganə qalmayacaq" - deyə, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild cümə axşamı BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında bildirib.

Ukrayna Rusiyanın işğalından sonra 19500-dən çox uşağın deportasiya edildiyinə inanır.

Forum

XS
SM
MD
LG