Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsinin tibb-sanitar hissəsində müalicəsi davam etdirilir, səhhəti normallaşamağa doğru gedir. Uzunmüddətli aclıqdan sonra onun ayaqlarında şiş yaranıb. Böyrəklərində və ürəyində problemlər var.
Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.
Zamin Salayev həbsinə etiraz olaraq 114 gün aclıq keçirib, azı 50 kiloqram çəki itirib. O, ürək və böyrək çatışmazlığından əziyyət çəkir.
Zamin Salayev bu il fevralın 7-də saxlanılıb.
Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.