“Siyasi partiyalar haqqında” qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşib. Siyasi ekspert və partiya lideri cərimələrin siyasi fəalliyyətin zəiflədiilməsinə yönəldiyini bildirir.
Avqustun 16-da Prezident İlham Əliyevin “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanunu imzalanyıb.
Dəyişikliyə görə, Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.
Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.
İctimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı istisna olmaqla, siyasi partiyanın sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul olmasına görə inzibati xəta nəticəsində vurulan ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə ediləcək.
Siyasi partiya tərəfindən dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunacaq.
Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə "Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimə ediləcək.
Siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin 60 faizindən 80 faizinədək məbləğdə cərimə olunacaq.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Amerikanın Səsinə deyib ki, formal baxımdan qanunun pozulmasına görə sanksiyaların tətbiqi normal prosesdir.
“Eyni zamanda “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərin mahiyyətinə baxanda görünür ki, qanunda göstərilən sərt məhdudiyyətlər, xüsusən qeydiyyata alınmayan siyasi partiyaların qadağan oluması ilə bağlı tələb var, həm də bunun məsuliyyətini yaradıblar. Yəni qeydiyyata alınmayan partiya fəaliyyət göstərərsə məsuliyyət yaradır. Bununla da ölkəyə icazəli siyasət gətirilir. Halbuki siyasi fəaliyyət birləşmə və ifadə azadlığından doğur. Birləşmə və ifadə azadlığını isə zəruri tələblər olmadan və adekvat tədbir görmədən dövlət məhdudlaşdıra bilməz. Təbi ki, dövlətin bu azadlıqları müəyyən müddət məhdulaşdırması da cəmiyyətdə sosial zərurətdən doğmalıdır, məhdudiyyət adekvat və proporsional olmalıdır”, o qeyd edib.
Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanuna, istərsə də “İnzibati Xətalar Məcəlləsi”nə edilən düzəlişlər ölkədə onsuz da heçə endirilən siyasi rəqabət şəraitinin bir qədər də aradan qaldırılması məqsədi daşıyır.
“Bu dəyişikliklər siyasi partiyaları tam olaraq icra hakimiyyətinin nəzarəti altına almaq, partiyaların istənilən vaxt yüksək cərimə edilməsi və qapadılması üçün əlavə rıçaqların yaradılması deməkdir. Hakimiyyət ölkədə seçki institunu faktiki olaraq ləğv etdikdən sonra indi də çoxpartiyalı sistemi aradan qaldırmaq bununla da sovet dövründə olduğu kimi təkpartiyalı sistemə keçmək xətti götürüb. Mahiyyətcə mürtəce xarakter daşıyan bu dəyişiliklər ölkədə avtoritar idarəçiliyin daha da sərtləşdirilməsinə yönəlib”, o qedy edib.
Prezident İlham Əliyev “Siyasi Partiyalar haqqında” yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.