İranda casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Fərid Səfərli Almaniyada yaşayan anası Dilarə Əsgərova ilə telefonla danışıb. Əsgərova Azərbaycan Xarici İşlər Nazirliyinin oğluna vəkil tutmadığını bildirib. Xarici İşlər Nazirliyi isə Əsgərlinin işinin diqqət mərkəzində olduğunu bəyan edib.
“Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi onu çox narahat edir. Hər yerdən əlim üzüldüyü üçün özüm bəzi məsləhətlər verdim, məsələn Fərid onun ifadəsinin farsca yazılı variantını başa düşmür, tapşırdım altına yaz başa düşmürəm qol çək və sair. Azərbaycan hökumətinin vətəndaşına sahib çıxmamasına çox təəssüflənirəm”, Dilarə Əsgərova Facebook hesabında yazıb.
O bildirib ki, avqustun 3-nə qədər məhkəmə Fərid Səfərliyə son söz deməsi üçün vaxt verib.
“Yaxın günlərdə hökm oxunacaq. Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələlərlə bağlı vəkilə ehtiyacı olduğunu bildirdi. Azərbaycanın İrandakı konsulluğu bir neçə vəkil məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək məbləğ tələb edirlər, vəkillər İran azərbaycanlılarıdır. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istəyirlər. Fəridlə məsləhətləşdik. O dedi ki, vəkilin məhkəmənin qərarına təsir etmək imkanı demək olar ki, sıfırdır və üstəlik ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Üstəlik də mənim bu məbləği ödəməyə imkanım olmadiğını nəzərə alıb, Fəridlə qərara aldıq ki, İrandan vəkil tuta bilmirik, buna görə də Azərbaycandan Fəridi bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin. İki vəkil canla-başla heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər. Nədənsə Ayərbaycanın İrandakı konsulluğu Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu”, Dilarə Əsgərova yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin “4 mart tarixində İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı, Fərid Qabil oğlu Səfərlinin məhkəmə prosesi çərçivəsində vəkillə təmin olunmadığı, ona dəstək üçün iş aparılmadığı barədə iddialar səsləndirilir. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin şərhi nədir?” sorğusunun cavabında bildirib ki, Xarici İşlər Nazirliyinin “9 mart və 2 iyun tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkənin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən müvafiq iş aparılıb”.
“Məsələ ilə bağlı, İran tərəfinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb və mütəmadi əsasda müzakirələr aparılıb. Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərlinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb. Vətəndaşımızın hüquqlarının qorunması işinin təşkili ilə bağlı İran tərəfinə dəfələrlə edilmiş müraciətlərdən sonra, İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərlinin ailəsinə təqdim olunub. Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib. Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb.
Eyni zamanda, müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Fərid Səfərlinin valideyninin oğlunu ziyarət etməsi üçün hal-hazırda iş aparılır”, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib.
Bir qayda olaraq İranın Bakıdakı səfirliyi Amerikanın Səsinin sorğusuna cavab vermir.
Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
“Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib”, o qeyd edib.
Fərid Səfərlinin iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
“Mən ittihamı rədd edirəm. Duşunurəm ki, Fərid iki olkə arasındakı konfliktin qurbanı olub”, Dilarə Əsgərova qeyd edib.