Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Mariya Kalyurand, Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Andrey Kovaçev birgə bəyanat yayaraq, Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə ediblər.
“Artıq səkkiz aya yaxındır ki, Dağlıq Qarabağın yerli əhalisi blokadanın nəticələrindən əziyyət çəkir, yalnız yerli istehsal və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yardımları sayəsində sağ qalır. Azərbaycanın son həftələrdə humanitar yardımlara da məhdudiyyətlər tətbiq etməsi indi əsas ərzaq mallarının, tibbi ləvazimatların və digər zəruri malların qıtlığına səbəb olub. Yanacaq çatışmazlığı isə yerli istehsalatı pozub. Dağlıq Qarabağın 120 minə yaxın sakini beynəlxalq ictimaiyyətin təcili diqqətini tələb edən humanitar böhranla üz-üzədir”, bəyanatda qeyd edilir.
Parlamentarlar Avropa İttifaqının xarici işlər üzrə Ali Nümayəndəsi Cozep Borrellin 26 iyul 2023-cü il tarixli bəyanatına qoşulduqlarını, “humanitar yüklərin davam edən blokadasını və humanitar yardımın siyasiləşdirilməsini” pislədiklərini deyiblər.
Azərbaycanın Ağdam vasitəsilə yardım göstərmək təklifinə münasibət bildirən Parlament üzvləri bunun Laçın dəhlizi ilə bağlı mövcud öhdəliklərindən ayrı olduğunu bildiriblər. “Əlavə marşrutların açılması yalnız təşviq edilə bilər, lakin bu, Bakı ilə Stepanakert arasında birbaşa danışıqlar kontekstində qarşılıqlı razılaşdırılmalı olan ayrıca məsələdir”, bəyanatda vurğulanır.
Avropa Parlamenti üzvləri Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan danışıqlar prosesini tam dəstəklədiklərini, davam edən blokadanın sülh danışıqlarının məqsədinə və çox ehtiyac duyulan etimadın yaradılması səylərinə zidd olmasından təəssüfləndiklərini bildiriblər.
Azərbaycan bu il aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.
Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.
İyulun 14-də Azərbaycan erməni sakinlərin zəruri qaydalara riayət etməklə tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin yenidən mümkün olduğunu, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla biləcəyini bildirib.
Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. “Biz Dağlıq Qarabağ ermənilərinin hazırda üzləşdiyi vəziyyətə göz yuma bilmərik. Dağlıq Qarabağa göndərilən 360 tonluq həyati əhəmiyyətli ərzaq sırf humanitar məqsədlərlə göndərilir”, Ermənistan baş naziri Nikol Paşinyan Twitter səhifəsində yazıb.
Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.
Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayayaraq narahatlıq ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatların qərəzli və qəbuledilməz olduğunu deyib.
“Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib”, Xarici İşlər Nazirliyinin 29 iyulda yaydığı bəyanatda vurğulanıb.
Rəsmi Bakı Laçın sərhəd buraxılış məntəqəsindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin keçidinin təmin olunduğunu, buna rəğmən Ermənistan tərəfinin bölgədə “gərgin humanitar vəziyyət” barədə iddialar yaydığını, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törətdiyini bildirib.
“Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib. Azərbaycan özünün Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır”, bəyanatda qeyd edilib.