İyulun 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyip Ərdoğoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb.
Görüşlərdə Azərbaycan və Türkiyə arasında çoxşaxəli ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramov nazir Hakan Fidanla Türkiyə ilə müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət sahəsində münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, dostluq, qardaşlıq, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqlik əlaqələrinin bölgədə sabitliyin qorunmasında vacib rol oynadığını diqqətə çatdırıb.
Cari ildə imzalanmasının ikinci ildönümü qeyd edilən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin ölkələr arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən nazir Bayramov, bundan sonra da əlaqələrin genişləndirilməsi istiqamətində əməli addımların atılacağını vurğulayıb.
“Nazir Bayrmov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin 3 istiqaməti olan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması sahələrində apardığı fəaliyyəti, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda, bölgədə bütün kommunikasiyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bağlantıların bərpasının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib”, məlumatda qeyd edilir.
Türkiyə xarici işlər naziri Hakan Fidan ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğunu bildirib.
Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilməsində mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Orta Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin, eləcə də digər çoxtərəfli təşəbbüslərin daha da genişləndirilməsinin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.