Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks Azərbaycan və Ermənistanı Qarabağ ətrafındakı gərginliyi azaltmaq üçün dialoqa çağırıb.
AŞPA Prezidenti Avropa Şurasının Nazirlər Komitəsinə müraciətlə qeyd edib ki, Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin daha da pisləşməsini nəzərə alaraq Azərbaycana mümkün qədər tez bir zamanda faktaraşdırıcı missiya təşkil edilsin.
“Mən Avropa Şurası Baş Katibinin 28 iyul 2023-cü ildə səsləndirdiyi dialoq çağırışına qoşulur və həm Azərbaycanı, həm də Ermənistanı Avropa Şurasına üzv olarkən götürdükləri qarşılıqlı öhdəlikləri yerinə yetirməyə, gərginliyi azaltmağa və sülhü bərpa etməyə çağırıram”, Tini Koks iyulun 31-i yaydığı bəyanatda vurğulayıb.
Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ötən həftə bəyanat yayaraq Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib, Azərbaycan və Ermənistanı həqiqi dialoqa dəvət edib.
Qarabağdakı vəziyyətlə bağlı bir sıra ölkələrin və beynəlxalq təşkilatların bəyanatlarına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatların qərəzli və qəbuledilməz olduğunu deyib.
“30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbuledilməzdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar. Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik,” Xarici İşlər Nazirliyinin 29 iyulda yaydığı bəyanatda vurğulanıb.
Rəsmi Bakı Laçın sərhəd buraxılış məntəqəsindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin keçidinin təmin olunduğunu, buna rəğmən Ermənistan tərəfinin bölgədə “gərgin humanitar vəziyyət” barədə iddialar yaydığını bildirib.
“Azərbaycan özünün Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır,” bəyanatda qeyd edilib.
Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.
Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb. İyulun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə bir daha bildirib ki, zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkündür. Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə nazir Bayramov, Azərbaycan tərəfinin “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb.
Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. “Biz Dağlıq Qarabağ ermənilərinin hazırda üzləşdiyi vəziyyətə göz yuma bilmərik. Dağlıq Qarabağa göndərilən 360 tonluq həyati əhəmiyyətli ərzaq sırf humanitar məqsədlərlə göndərilir,” Ermənistan baş naziri Nikol Paşinyan Twitter səhifəsində yazıb.
Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb.