İyulun 14-ü Belçikaya işgüzar səfərə başlayan Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib, Brüssel formatında danışıqların səmərəli olduğunu vurğulayıb.
İlham Əliyev və Şarl Mişel görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıb.
Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan da Belçikaya yola düşüb. Rəsmi məlumata görə, Ermənistan baş naziri iyulun 15-i əvvəlcə Aİ Şurasının Prezidenti ilə ikitərəfli görüş keçirəcək, daha sonra isə üçtərəfli görüşə qatılacaq.
Azərbaycan, Ermənistan və Aİ Şurasının liderləri arasında üçtərəfli görüşün günün ikinci yarısında keçirilməsi gözlənilir.
Ötən həftə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda telefonda danışıb. Antoni Blinken telefon söhbəti zamanı Birləşmiş Ştatların iki ölkə arasında davamlı sülhün əldə edilməsi səylərinə dəstəyini vurğulayıb, birbaşa dialoq və diplomatiyanın Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yol olduğunu qeyd edib.
SEE ALSO: Blinken Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrı telefon söhbətində ABŞ-ın sülh səylərinə dəstəyini vurğulayıb
İyunun 27-29-u tarixlərində isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqların ikinci raundu olub. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların açılışından öncə onlarla təkbətək görüşlər keçirib. Blinken danışıqlar zamanı irəliləyişə nail olunduğunu, gələcək saziş üzrə bəzi maddələrin razılaşdırıldığını və tərəflərin mövqelərində anlaşmanın əldə olunmasını qeyd edib.
Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts və Fransanın prezidenti Emmanuel Makronun da iştirakı ilə iyunun 1-i Kişinyovda görüşüb.
Liderlər Brüssel formatında bugünədək sonuncusu 14 may tarixində olmaqla beş görüş keçirib.