AŞPA-nın yay sessiyası işinə başlayır

İyunun 19-u Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.

Həftə ərzində AŞPA-nın təcili prosedur qaydası üzrə Rusiyanın Ukraynaya qarşı təcavüzünün siyasi nəticələri və Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı müzakirələr keçirəcəyi gözlənilir.

Bundan əlavə Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi ilə bağlı təcili prosedur qaydası üzrə debatın keçirilməsi təklif olunub. AŞPA sessiyanın açılışında təcili prosedur qaydası üzrə təklif olunan mövzuların gündəliyə daxil edilməsi ilə bağlı səsvermə keçirəcək.

Bazar ertəsi AŞPA Türkiyədə ötən ay baş tutan parlament və prezident seçkilərini müzakirə edəcək. AŞPA-nın seçkilərdəki müşahidə heyətinin rəhbəri Frank Şvabe Assambleyaya hesabatını təqdim edəcək.

SEE ALSO: Beynəlxalq müşahidəçilər Türkiyədə seçkilərin ikinci raundunun qeyri-bərabər rəqabət şəraitində keçdiyini bildirib

Parlamentarların bu həftə gündəliyindəki əsas məsələlərdən biri də mühacirətdə olan belarusların üzləşdiyi problemlərin həlli ilə bağlıdır. AŞPA çərşənbə axşamı Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın da iştirakı ilə lüksemburqlu deputat Pol Qalın hazırladığı hesabat ətrafında müzakirələr aparacaq. Həmçinin AŞPA-nın Siyasi məsələlər və Demokratiya Komitəsi Belarusun demokratik müxalifət nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirəcək.

Gündəliyin digər mövzuları Birləşmiş Krallıqda insan hüquqları qanunvericiliyində islahatlar, transmilli repressiya və miqrasiya məsələləridir. 20 iyun Dünya Qaçqınlar Gününü qeyd edən AŞPA miqrasiya və qaçqınlar məsələsi üzrə üç müxtəlif hesabat ətrafında müzakirələr aparacaq.

Yay sessiyasında Sloveniya prezidenti Nataşa Pirk Musar və Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyarto çıxış edəcəklər. Latviyanın xarici işlər naziri, hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Edqars Rinkeviçs və Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Assambleyanın cari məsələlərlə bağlı suallarını cavablandıracaq.

AŞPA-nın müzakirələr palatası təmirə bağlandığı üçün yay sessiyası Avropa Parlamentinin müzakirələr palatasında keçiriləcək.