Accessibility links

Avropa Şurası üzv ölkələrin hökumətlərini media azadlığını siyasi prioritetlərinə çevirməyə çağırır


Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa hökumətlərini jurnalistikanın qorunmasını, jurnalistlərin və digər media əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini öz siyasi prioritetlərinə çevirməyə çağırıb.

Baş katib Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı verdiyi bəyanatda hökumətləri jurnalistlərin təhlükəsizliyi üçün milli fəaliyyət planları hazırlamağa, onların müdafiəsini gücləndirməyə, onlara qarşı cinayət törədənləri effektiv şəkildə mühakimə etməyə və müstəqil medianın demokratiyanın qorunmasındakı mühüm rolu barədə cəmiyyətdə məlumatlılığı artırmağa çağırıb.

Avropa Şurası Parlament Assambleyasının media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə ümumi məruzəçisi Mogens Yensen Amerikanın Səsinə müsahibəsində Avropa ölkələrində media azadlığının vəziyyətinin, jurnalistlər üçün iş şəraitinin qənaətbəxş olmadığını deyib. Bəzi Avropa Şurası ölkələrində, o cümlədən Azərbaycanda hökumətin jurnalistləri müxtəlif yollarla qorxutduğunu və susdurduğunu, media azadlığının təmin edilməsi üçün təkmilləşdirilməyə xeyli ehtiyac olduğunu vurğulayıb.

Mogens Yensen: Azərbaycanda hökumətin jurnalistləri qorxutduğunu və susdurduğunu görürük
please wait

No media source currently available

0:00 0:06:31 0:00

Mogens Jensen: Təəssüf ki, biz demokratik adlandırdığımız, media azadlığının təməl sütunlardan biri hesab olunduğu ölkələrdə yaşasaq da, Avropada media azadlığının vəziyyətinin, həmçinin jurnalistlərin iş şəraitinin qənaətbəxş olmadığını görürük. Xüsusilə, bəzi ölkələrdə vəziyyət heç yaxşı deyil. Biz hələ də jurnalistlərin həbs edildiyini, jurnalistlərin öldürüldüyünü və hökumətlərin jurnalistləri və medianı susdurmaq üçün məhkəmə sistemindən istifadə etdiyini görürük. Bütövlükdə demək lazımdır ki, Avropa ölkələrində medianın vəziyyəti, jurnalistlər üçün iş şəraiti heç qənaətbəxş deyil.

Amerikanın Səsi: Azərbaycanda media azadlığının vəziyyəti və jurnalistlərin təhlükəsizliyi ilə bağlı şərhiniz necə olardı?

Mogens Jensen: Azərbaycana gəldikdə biz təəssüf ki, burada da hökumətin jurnalistləri müxtəlif yollarla qorxutduğunu və susdurduğunu görürük. Zorakılıq, jurnalistlərə qarşı zorakı hücumlar davam edir. 2021-ci ildə Azərbaycanda jurnalistlərə qarşı 250 hücum halının şahidi olmuşuq. Biz, həmçinin jurnalistlərin iş başında izlənildiyinin şahidi oluruq. Azərbaycanda 48 belə hal qeydə almışıq. Beləliklə, Azərbaycan gəldikdə diplomatik şəkildə desəm, Avropa Şurasının da dəyərləri olan media azadlığını təmin edilməsi, həmçinin jurnalistlərə ədalətli və layiqli iş şəraitinin yaradılması üçün təkmilləşdirilməyə xeyli ehtiyac var.

Amerikanın Səsi: Bu yaxınlarda Azərbaycanda media haqqında yeni qanun qəbul edilib. Bununla bağlı şərhiniz necə olardı və ümumiyyətlə, sizcə, Azərbaycanda media azadlığının təşviqi üçün nə etmək olar?

Mogens Yensen: Əlbəttə ki, media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə məruzəçi kimi mənim işim ölkələrə nəzarət həyata keçirmək və problemin harada olduğunu qeyd etməkdir. Hökumətlər isə bu problemin həllinə çalışmalıdır. Bizim Avropa Şurasında görəcəyimiz iş problemin həlli üçün hökumətlərə siyasi təzyiq göstərmək və bu problemləri gündəmdə saxlamaq ola bilər. Biz də Avropa Şurasında, AŞPA-da məhz bunu edirik. Problemləri gündəmə gətirmək, habelə hökumətlərə problemin həlli, üzv olarkən qəbul etdikləri Avropa Şurası dəyərlərinə hörmət etmək üçün siyasi təzyiq göstərmək. Biz Parlament Assambleyası çərçivəsində Avropanın müxtəlif media qurumları, jurnalist təşkilatları və digər qurumlarla birgə işlədiyimiz platforma yaratmışıq. Burada müxtəlif ölkələrdə baş verənlərlə bağlı ümumi məlumat almağa çalışır, problemləri, jurnalistlərə qarşı hücumları qeydə alırıq. Bu platformadakı məlumatlardan da istifadə edərək ölkələrə təqdim etmək üçün hesabatlar hazırlayırıq və orada hansı problemlərin olduğu, nələrin həll edilməli olduğu vurğulanır.

Amerikanın Səsi: Media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə məruzəçi kimi sizdən həm də cəzasızlıq məsələsi barədə soruşmaq istəyirəm. Jurnalistlərə qarşı cinayətlərin cəzasız qalması hansı mənfi təsirlər buraxa, hansı problemlər doğura bilər?

Mogens Yensen: Bəli, bu, problemdir. İnsan Hüquqları Məhkəməsində də bu məsələlərlə bağlı işlərin sayının artdığını müşahidə edirik. O cümlədən, Azərbaycanla da bağlı bu cür işlər var. Həmçinin jurnalistləri dayandırmaq, tənqidi işlərinə mane olmaq üçün onlara qarşı məhkəmə iddialarından istifadə etmə halların sayı artmaqdadır. Biz AŞPA-da bu məsələ ilə bağlı hesabat üzərində işləyirik. Hesabatı təqdim edərək üzv ölkələrə problemin həlli üçün çağırış edəcəyik. Ümumilikdə, biz tənqidi jurnalistikaya qarşı həm fiziki hücumların, eyni zamanda onları dayandırmaq üçün müxtəlif hüquqi proseslərdən istifadə hallarında artım görürük. Təbii ki, məqsədimiz bu halların baş verdiyi ölkələrə siyasi təzyiq göstətməklə buna son qoymaqdır.

XS
SM
MD
LG