Accessibility links

Reykyavik sammiti Ukraynaya dəstək və demokratik geriləmə ilə mübarizəyə çağırır


Reykyavik sammiti Ukraynaya dəstək və demokratik geriləmə ilə mübarizəyə çağırır
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Mayın 16-17-də baş tutan Avropa Şurasının Reykyavik sammitində üzv ölkələrin dövlət və hökumət başçıları Ukraynaya Rusiyanın işğalçı müharibəsinə qarşı mübarizəsində sonadək dəstək olacaqlarını vurğulayıblar. Liderlər eləcə də demokratiya üçün Reykyavik prinsiplərini qəbul edərək, demokratik geriləmənin qarşısını almaq, avtoritar meyllərə müqavimət göstərmək öhdəliyi götürüblər.

İslandiyanın paytaxtında keçirilən sammitdə müharibə nəticəsində Ukraynaya dəyən zərərin qeydə alınması üçün reyestr yaradılıb. Azərbaycan və digər bir neçə ölkə istisna olmaqla, Avropa Şurasına üzv dövlətlər, eləcə də ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqı reyestrin əsasını qoyan müqaviləyə imza atıb.

Videokonfrans vasitəsilə sammitdə çıxış edən Volodimir Zelenski reyestrin yaradılması ilə bağlı qərarı alqışlayıb.

“Mən Rusiyanın təcavüzü nəticəsində dəymiş zərərlərin reyestrinə dair qərara görə Avropa Şurasına, hər birinizə şəxsən təşəkkür edirəm. Bu, hərtərəfli kompensasiya mexanizminin yaradılması üçün ilkin addımdır və təcavüzü ağlına gətirməyin belə yersiz olduğunu bütün dünyaya göstərəcək. Həmçinin, törədilən cinayətlərə görə xüsusi tribunal yaradılmalıdır ”, Ukrayna Prezidenti qeyd edib.

Sammitin yekun sənədi olan Reykyavik bəyannaməsi dövlət və hökumət başçılarının Avropada demokratiya, qanunun aliliyi və insan haqlarını dəstəkləmək və gücləndirmək öhdəliyini əks etdirir. Demokratiya üçün Reykyavik prinsipləri xüsusən demokratik iştirakı, azad və ədalətli seçkiləri, ədalətli məhkəmə sistemini, korrupsiya ilə mübarizə, ifadə azadlığı, vətəndaş cəmiyyətinə dəstəyi vurğulayır. Sənədi imzalayan tərəflər demokratik geriləmənin qarşısını almağa, avtoritar meyllərə müqavimət göstərməyə və bu prinsipləri qlobal miqyasda təşviq etmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə söz verib.

AŞPA Prezidenti Tini Koks sammitin uğurla nəticələndiyini, yekun bəyannamənin qarşıdakı illər üçün əsas istiqamətləri müəyyənləşdirdiyini deyib.

“Biz 10 maddədən ibarət Reykyavik demokratiya prinsiplərini qəbul etdik. Bu prinsiplər bütün üzv dövlətlərin demokratiyanı qorumaq və inkişaf etdirməklə bağlı öhdəliklərini yerinə yetirməsini, istənilən demokratik geriləməyə effektiv şəkildə qarşı çıxmasını tələb edir”, Tini Koks qeyd edib.

Sammitdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan münaqişəsinin törədiyi fəsadlardan danışıb, Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib.

Reykyavik sammiti Avropa Şurasının 74 illik tarixində dördüncü belə sammitdir.

XS
SM
MD
LG