Accessibility links

Rusiyanın Ukraynaya vurduğu zərərlə bağlı reyestr yaradılıb


Avropa Şurasının Reykyavik sammitinə toplaşan üzv ölkələrin liderləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi nəticəsində vurduğu zərərin reyestrinin yaradılması barədə razılığa gəliblər.

Azərbaycan da daxil olmaqla və bir neçə ölkəni çıxmaqla, Avropa Şurasına üzv dövlətlər, eləcə də Kanada, Yaponiya, ABŞ və Avropa İttifaqı reyestrin yaradılması üçün imza atıb. Gələcək kompensasiya mexanizminin ilk komponenti kimi nəzərdə tutulan reyestrdə müharibə nəticəsində fiziki və hüquqi şəxslərə, habelə Ukrayna dövlətinə dəymiş ziyan, itki və ya xəsarət haqqında sübut və iddiaların qeydiyyatı aparılacaq.

Sammit üçün Reykyavikdə olan Ukraynanın baş naziri Denis Şmıhal Reyestrin yaradılmasını alqışlayıb.

“Biz Avropa Şurasına və bütün iştirakçı dövlətlərə belə yüksək səviyyədə dəstəyə görə minnətdarıq. Biz digər dövlətləri də Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə cavabdehliyi kimi mühüm məsələyə dəstək əlaməti olaraq Reyestrə qoşulmağa dəvət edirik. Reyestrin yaradılması Rusiyanın beynəlxalq hüquq normalarına uyğun olaraq tam təzminat ödəməsini təmin edəcək hərtərəfli kompensasiya mexanizminin yaradılması istiqamətində yalnız ilk addımdır. Biz bu mühüm məsələdə tərəfdaşlarımızla işləməyi səbirsizliklə gözləyirik”, Şmıhal vurğulayıb.

Sammitdə iştirak edən dövlət başçıları müharibə nəticəsində Ukraynaya dəymiş ziyanı dəqiq müəyyənləşdirmək və zərərçəkənlərə kompensasiya üçün zəmin yaratmaq məqsədi daşıyan bu təşəbbüsün əhəmiyyətini vurğulayıb, rəsmi Moskvanın Ukraynada törədilənlərin məsuliyyətini daşıyacağını bildiriblər.

Böyük Britaniyanın baş naziri Rişi Sunak, hərtərəfli hesabatlılığın vacibliyini vurğulayaraq, “Reyestr Ukraynada törədilən cinayətlərə görə məsuliyyəti təmin etmək üçün yaradılmış bir sıra beynəlxalq təşəbbüslərdən yalnız biridir” deyib.

Almaniya kansleri Olaf Şolts da digər ölkələri reyestri dəstəkləməyə çağırıb. “Reyestr Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin vurduğu ziyanı kollektiv şəkildə qeyd etməyə imkan verəcək” və ölkənin yenidən qurulması üçün zəmin yaradacaq”, Şolts qeyd edib.

Reyestr Ukraynada ofisi olmaqla, Niderlandın Haaqa şəhərində yerləşəcək. Avropa İttifaqı reyestrin fəaliyyətə başlaması üçün lazım olan ilkin maliyyə dəstəyini ayırıb. Reyestr hələlik üç il müddətinə yaradılır və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dəymiş ziyan, itki və ya xəsarət haqqında sübut və iddia məlumatlarının qeydiyatının aparılması ilə məşğul olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG