Beynəlxalq müşahidəçilər Türkiyədə mayın 28-i baş tutan prezident seçkilərinin ikinci raundunun da qeyri-bərabər rəqabət şəraitində keçdiyini bildirib.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçiləri seçkilərin təşkil edilməsini müsbət qiymətləndirsə də, ifadə azadlığına məhdudiyyətlər, qərəzli media mühiti, o cümlədən təşviqat dövründə hər iki tərəfin istifadə etdiyi qızışdırıcı, ayrı-seçkilik yaradan ifadələrlə bağlı narahatlıq ifadə ediblər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasına rəhbərlik edən səfir Yan Petersen seçkilərlə bağlı qarışıq təəssüratlarının olduğunu deyib.
“Mən seçici fəallığından məmnun qaldım. Dünya standartlarına görə, yüksək seçici fəallığı müşahidə etdik. Bir çox məsələlər qaydasında idi. Məsələn, seçkilərin təşkilatçılığı, texniki məsələr. Ancaq medianın vəziyyəti narahatedicidir. Jurnalistlərə və blogerlərə qarşı defamasiya qanunlarından istifadə edilir. Ona görə qarışıq təəssürat var, bəzi şeylər yaxşı idi, bəziləri yox. Media azadlığı olduqca ciddi məsələdir. Biz kampaniya dövründə prezidentə üstünlük verən açıq-aşkar qərəzli mövqedən, həmçinin jurnalistlərə qarşı qanunların tətbiqinin özünüsenzuraya və senzuraya gətirib çıxarmasından narahatıq. Yekun hesabatda öz tövsiyələrimizlə bu məsələlərə qayıdacağıq”, səfir Petersen qeyd edib.
AŞPA müşahidə heyətinə rəhbərlik edən Frank Şvabe də media azadlığının vəziyyəti barədə narahatlıq ifadə edib, Türkiyə hakimiyyətini Avropa Məhkəməsi qərarlarını icra etməyə çağırıb.
“Əlbəttə, ümumilikdə seçkinin nəticəsini seçicilər müəyyən edir. Ancaq ilk turda olduğu kimi hər şey çətin şəraitdə baş tutdu. Əgər müxalifət sərbəst şəkildə təşviqat apara bilmirsə, media azad deyilsə, önəmli vətəndaş cəmiyyəti üzvləri, siyasətçilər həbsdədirsə, biz demokratik seçki üçün arzu edilən şəraitin olduğunu deyə bilmərik. Türkiyədə insan hüquqlarının vəziyyəti olduqca narahatedicidir. Media azadlığına görə isə Türkiyə nəinki Avropada, bütün dünyada ən pis vəziyyətdə olan ölkələrdəndir”, almaniyalı deputat vurğulayıb.
Ötən bazar günü baş tutan seçkilərdə 20 ildir hakimiyyətdə olan Rəcəb Tayyip Ərdoğan səslərin 52.2 faizini toplayaraq, rəqibi Kamal Kılıçdaroğluna qalib gəlib.
Seçkiləri izləmək üçün 31 ölkədən ümumilikdə 232 beynəlxalq müşahidəçi iştirak edib.
Beynəlxalq müşahidəçilər Türkiyədə mayın 14-ü baş tutan seçkilərin ilk raundu barədə bəyanatlarında seçicilərin fəallığını və müxtəlif siyasi alternativlər arasında seçim imkanının olmasını müsbət qiymətləndirsə də, ümumi seçki mühitinin demokratik standartlara cavab vermədiyini bildirmişdilər.
Müşahidəçilər Prezident Ərdoğanın və hakim partiyanın imtiyazlardan bəhrələndiyini, həmçinin toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqların məhdudlaşdırılmasına görə bəzi müxalif siyasətçilərin, vətəndaş cəmiyyətinin və müstəqil medianın seçkidə fəal iştirakına mane olduğunu vurğulamış, sözügedən problemlərin aradan qaldırılması üçün çağırış etmişdilər.