Accessibility links

Avropa İttifaqı Türkiyə hakimiyyətini seçkilərdə aşkarlanmış çatışmazlıqları aradan qaldırmağa çağırır


Avropa İttifaqı mayın 14-də Türkiyədə keçirilən parlament və prezident seçkilərində yüksək seçici fəallığını türk xalqının demokratik səsvermə hüququndan istifadə etmə öhdəçiliyinin bariz göstəricisi kimi alqışlayır.

“Biz ATƏT və Avropa Şurasının beynəlxalq seçki müşahidə missiyasının ilkin qiymətləndirməsini qnəzərə alırıq və Türkiyə hakimiyyətini aşkar edilmiş çatışmazlıqları aradan qaldırmağa çağırırıq”, Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsi Cozep Borrell və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin seçkilərlə bağlı birgə bəyanatında vurğulanır.

Avropa İttifaqı rəsmiləri seçkilərin şəffaf, inklüziv və etibarlı, o cümlədən bərabər rəqabət şəraitində keçirilməsinə böyük əhəmiyyət verdiklərini qeyd ediblər.

ATƏT və Avropa Şurasının Türkiyədə keçirilən parlament və prezident seçkilərində seçicilərin fəallığını və müxtəlif siyasi alternativlər arasında seçim imkanının olmasını müsbət qiymətləndirsə də, namizədlər arasında qeyri-bərabər rəqabət şəraitinin olduğunu, ümumi seçki mühitinin demokratik standartlara cavab vermədiyini bildiriblər.

Beynəlxalq müşahidəçilər hazırkı prezidentin və hakim partiyanın imtiyazlardan bəhrələndiyini, həmçinin toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqların məhdudlaşdırılmasına görə, bəzi müxalif siyasətçilərin, vətəndaş cəmiyyətinin və müstəqil medianın seçkidə fəal iştirak edə bilmədiyini qeyd ediblər.

Müşahidəçilər həmçinin, Türkiyə Ali Seçki Şurasının müstəqilliyi, eləcə də şəffaflıq və kommunikasiya məsələləri ilə bağlı narahatlıq ifadə ediblər.

Türkiyənin növbəti prezidentinin müəyyən edilməsi üçün seçkilərin ikinci raundu keçiriləcək. Hazırkı prezident Rəcəb Tayyip Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu 28 may tarixində baş tutacaq seçkilərin ikinci raundunda mübarizə aparacaq.

XS
SM
MD
LG