Vəkil: Zamin bəylə danışdım, ayaqları çox pis şişib, böyrəkləri işləmir

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevin səhhəti ağırlaşıb.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, iyunun 7-də Zamin Salayevlə telefon danışığı olub.

"Zamin bəylə danışdım, ayaqları çox pis şişib, böyrəkləri işləmir, amma buna baxmayaraq, müalicə müəssisəsindən çıxarılıb. Bilirsiniz ki, o, aclığı dayandırandan sonra ciddi müalicəyə ehtiyacı var idi " - deyə, o bildirib.

Bundan əlavə vəkil Zamin Salayevin məhkəmə hökmündən apellyasiya şikayəti verdiyini bildirib.

Öz növbəsində Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Salayevin sağlamlıq durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Mayın 30-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.

Zamin Salayev fevralın 7-də saxlanılıb. Fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasına çağırıb.