İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırıldığı bildirilir

Bank Melli İran

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə filialdan Azərbaycanın yerli mediasına bildiriblər.

Məlumatda deyilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Bununla yanaşı, “Bank Melli İran-Baku”dan Azərbaycan Mərkəzi Bankının qərarının səbəbləri barədə açıqlama verilməyib.

İran Milli Bankının Bakı filialı Amerikanın Səsinin sorğusuna cavab verməkdən imtina edib.

Azərbaycan Mərkəzi Bankının Mətbuat xidməti isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri İran Milli Bankının Bakı filialı ilə bağlı Mərkəzi Bankın məlumatının olacağını bildirib.

İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,6 milyon manatdır.