Beynəlxalq müşahidəçilər Türkiyə seçkilərində rəqabət şəraitinin qeyri-bərabər olduğunu deyir

Your browser doesn’t support HTML5

Beynəlxalq müşahidəçilər Türkiyə seçkilərində rəqabət şəraitinin qeyri-bərabər olduğunu deyib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beynəlxalq müşahidəçiləri Türkiyədə keçirilən parlament və prezident seçkilərində seçicilərin fəallığını və müxtəlif siyasi alternativlər arasında seçim imkanının olmasını müsbət qiymətləndirsə də, ümumi seçki mühitinin demokratik standartlara cavab vermədiyini bildiriblər.

Beynəlxalq müşahidəçilər hazırkı prezidentin və hakim partiyanın imtiyazlardan bəhrələndiyini, həmçinin toplaşma və ifadə azadlığı kimi fundamental azadlıqların məhdudlaşdırılmasına görə bəzi müxalif siyasətçilərin, vətəndaş cəmiyyətinin və müstəqil medianın seçkidə fəal iştirakına manel olduğunu qeyd ediblər.

AŞPA-nın müşahidə missiyasına rəhbərlik edən Frank Şvabe qeyri-şəffaflıq, səslərin sayılmasının gecikdirilməsi kimi bir sıra problemlərin olmasına baxmayaraq, seçki günü prosesin qənaətbəxş keçdiyini, nəticələrin məqbul hesab edilə biləcəyini deyib.

“Bununla belə, bizim seçki mühiti ilə bağlı narahatlıqlarımız var. Bizim təşkilatın çoxsaylı hesabatları şəraitin ideal olmadığını göstərir. Media azadlığı pis vəziyyətdədir, siyasi məhbuslar var, Avropa İnsan Haqları Məhkəməsinin onların azadlığa buraxılmasını tələb edən qərarlarına baxmayaraq, Səlahəddin Dəmirtaş, Osman Kavala kimi şəxslər hələ də həbsdədir. Nəticə etibarı ilə, biz ölkədəki ümumi seçki mühitinin demokratik standartlara uyğun olmadığını deyə bilərik”, almaniyalı deputat qeyd edib.

ATƏT PA-nın müşahidəçi heyətinə rəhbərlik edən Farah Karimi də seçki mühitinin qənətbəxş olmadığını deyib.

“Əsas qənaətimiz ondan ibarətdir ki, Türkiyə xalqının seçkilərə böyük diqqəti və ciddi iştirakı yüksək seçki fəallığa səbəb oldu. Lakin təəssüf ki, bütün siyasi partiyalar və prezidentliyə namizədlər üçün bərabər imkanların olmadığını müşahidə etdik. Kampaniya dövründə namizədlər sərbəst şəkildə təşviqat aparmağa qadir olsalar da, bəzi siyasi partiyalar və müxalifət üzvləri böyük çətinliklərlə üzləşiblər, hətta onlara qarşı cinayət ittihamları qaldırılıb. Bu isə seçkilərə ümumi mənfi təsirini göstərib,” niderlandlı parlamentari Amerikanın Səsinə bildirib.

Birgə müşahidə missiyası Türkiyədə hüquqi bazanın demokratik seçki prinsiplərini tam dəstəkləmədiyini müəyyən edib. Beynəlxalq müşahidəçilər yüksək fəallığı və türk xalqının nümayiş etdirdiyi demokratik ruhu müsbət qiymətləndirsə də, medianın hədsiz qərəzliliyindən və söz azadlığının məhdudlaşdırılmasından təəssüfləndiklərini bildiriblər.

Müşahidəçilər Türkiyə Ali Seçki Şurasının səmərəlilik nümayiş etdirməsini dəyərləndirsə də, onun müstəqilliyi, eləcə də şəffaflıq və kommunikasiya məsələləri ilə bağlı narahatlıq ifadə ediblər.

Türkiyədə keçirilən seçkiləri izləmək üçün 40 ölkədən ümumilikdə 401 müşahidəçi iştirak edib.

SEE ALSO: Türkiyə prezident seçkilərinin ikinci raundu keçiriləcək


Türkiyə seçkilərinin açıqlanan nəticələrinə görə, ölkənin növbəti prezidentini müəyyən etmək üçün seçkilərin ikinci raundu keçiriləcək. Bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener məlumat verib. Seçkilərin ikinci raundu 28 may tarixində baş tutacaq.