Accessibility links

Türkiyədə seçkilər ikinci tura qala bilər


Türkiyədə bazar günü mayın 14-də keçirilən prezident seçkilərində belə görünür nə prezident Rəcəb Tayyib Ərdoğan, nə də onun müxalif rəqibi Kamal Kılıçdaroğlu səslərin lazım olan çoxluğunu ala bilmədiyi üçün seçkilərin ikinci turunun olacağı gözlənilir.

Bununla belə, 20 ildir hakimiyyətdə olan və ölkənin ən uzun müddət lideri olan 69 yaşlı Ərdoğan gözləniləndən daha yaxşı nəticələr göstərdiyi bildirilir.

Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, seçki bülletenlərinin 96 faizindən çoxunun hesablanması nəticəsində Ərdoğan 49,44, Kılıçdaroğlu isə 44,86 faiz səs toplayıb.

Ali Seçki Şurası xaricdə yaşayan 3,4 milyon seçicinin səsvermə bülletenlərinin əksəriyyəti hələ də hesablanmalı olduğu üçün ikinci turun keçirilməsinin tam yəqin olmadığını bildirib.

Seçkilərin ilkin nəticələri Cümhur İttifaqının namizədi, Ədalət və İnkişaf Partiyasının lideri və hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə rəqibi, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlundan irəlidə olduğunu göstərir.

Prezidentliyə əsas iki namizəd olan Ərdoğan və Kılıçdaroğlu ikinci turda qələbəyə əminlik mesajları ilə çıxış ediblər.

Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan yekun nəticələr hələ bəlli olmasa da, öndə olduqlarını bildirib. “Ölkəmiz 14 may seçkiləri ilə daha bir demokratiya bayramını uğurla başa vurdu. Yekun nəticələr hələ bəlli olmasa da, biz xeyli irəlidəyik,” Ərdoğan Ədalət və İnkişaf Partiyasının qərargahındakı çıxışında deyib. O həm ölkə daxilində səslərin nəticələrinin açıqlanmasının, həm də xaricdə verilmiş səslərin sayılmasının bir az daha vaxt alacağını bildirib.

Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu alyansa daxil olan digər siyasi partiyaların liderləri ilə birgə açıqlama verib. Kılıçdaroğlu “İkinci turda mütləq qalib gələcəyik,” deyə bildirib. “Hər kəs bunu görəcək,” o əlavə edib.

Səsvermənin bitməsindən bir neçə saat sonra açıqlanan ilkin nəticələr Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanın onun seçkilərdə əsas rəqibi olan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlundan irəlidə olduğunu göstərsə də, bülletenlərin hesablanması davam etdikcə onun üstünlüyünün azalması seçkilərin mayın 28-də ikinci turunun keçirilməsi ilə bağlı ehtimalları gücləndirib.

Hər iki tərəf rəsmi nəticələr açıqlanmadan qarşı tərəfin rəqəmlərini rədd edib.

Seçkilərdən öncə keçirilmiş rəy sorğuları prezident Ərdoğanın hakimiyyətdə olduğu müddətdə 20 ildə ilk dəfə olaraq rəqibindən geridə qalaraq yarışdığını göstərirdi. Sorğulara əsasən, Cümhuriyyət Xalq Partiyasının 74 yaşlı lideri və birləşmiş müxalifət ittifaqının vahid namizədi olan Kamal Kılıçdaroğlu cüzi üstünlüyə malik idi.

Namizədlərdən heç birinin 50 faizdən çox səs toplamadığı halda prezidentlik yarışışının nəticələri mayın 28-də keçiriləcək ikinci turda müəyyənləşəcək.

Mayın 14-ü Türkiyədə seçicilər gərgin rəqabət şəraitində keçən və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu iyirmi ildə üzləşdiyi ən böyük sınaq hesab edilən əlamətdar parlament və prezident seçkilərində səs verib.

Səsvermə ya getdikcə avtoritarlaşan prezident Ərdoğana yeni beş illik prezidentlik müddəti verəcək, ya da NATO-ya üzv ölkəni onun müxalif rəqibinin dediyinə görə daha demokratik bir yola yönəldəcək.

Səsvermə yerli vaxtla səhər saat 8-də başlayıb və saat 17:00-da bitib. Saat 21:00-da embarqo aradan qaldırılana qədər media təşkilatlarına qismən nəticələri elan etmək qadağan edilib. Seçkilərlə bağlı exit-poll keçirilmir.

Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyi bir ildə keçirilən seçkilərdə xaricdə yaşayan 3,4 milyon da daxil olmaqla, səsvermə hüququna malik 64 milyondan çox seçici səs verib. Türkiyədə seçici fəallığı ənənəvi olaraq yüksəkdir və ifadə və toplaşma azadlığının sıxışdırıldığı bir ölkədə bu, vətəndaşların iştirakına inamın davam etdiyinin göstəricisi hesab edilir.

Seçkilər ölkənin iqtisadi təlatümlə üzləşdiyi bir vaxta təsadüf edir. Tənqidçilər bunu hökumətin iqtisadiyyatı düzgün idarə etməməsi və yaşayış xərclərinin kəskin artması ilə əlaqələndirir.

Türkiyə fevral ayında ölkənin cənubunda 11 vilayətdə dağıntılara və qəzalı binalarda 50 mindən çox insanın ölümünə səbəb olan şiddətli zəlzələnin təsiri altında qalmaqdadır. Fəlakətin nəticələrinin aradan qaldırılması və bərpa işləri davam edir. Ərdoğan hökuməti fəlakətə gecikmiş və ləng reaksiya, eləcə də onun daha da ağırlaşmasına səbəb olan tikinti qaydalarına əməl edilmədiyinə görə tənqid olunur.

Seçkilər beynəlxalq miqyasda da birləşmiş müxalifətin dövlətin demək olar ki, bütün səlahiyyətlərini əlində cəmləşdirmiş lideri devirmək qabiliyyətinə test kimi qiymətləndirilərək diqqətlə izlənilir.

Ərdoğan əvvəlki illərdə olduğu kimi dövlət resurslarından və media üzərində dominant mövqeyindən istifadə edərək, bölücü seçki kampaniyası aparıb. O, müxalifəti “terrorçularla” əlbir olmaqda və ənənəvi ailə dəyərlərinə təhdid olaraq LGBTQ hüquqlarını müdafiə etməkdə ittiham edib.

Kılıçdaroğlunun altı partiyadan ibarət Millət İttifaqı Ərdoğanın 2017-ci ildə keçirdiyi referendumda az səslə qəbul edilən prezidentlik sistemini ləğv edəcəyini və ölkəni parlament demokratiyasına qaytaracağını vəd edib. Alyans məhkəmə sistemi və mərkəzi bankın müstəqilliyini bərqərar, nəzarət və tarazlığı təsis edəcəyini və Ərdoğanın hakimiyyəti dövründə söz azadlığı və müxalif fikrə qarşı demokratiyadan geri çəkilmələr və basqıları aradan qaldıracağını vəd edib.

Prezidentliyə iddialı olan siyasətçilərdən biri “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Mərkəz solçu siyasətçi Muharrem İnce isə cümə axşamı reytinqlərinin əhəmiyyətli dərəcədə aşağı düşməsindən sonra yarışdan çıxdığını bildirib, lakin onun namizədliyini geri çəkməsi ölkənin seçki şurası tərəfindən etibarsız sayılıb və ona verilən səslər hesablanacaq.

Seçicilər 600 nəfərlik parlamentdəki yerlərə namizədlərə də səs veriblər. Müxalifətin vəd etdiyi bəzi demokratik islahatları həyata keçirə bilməsi üçün səs çoxluğuna ehtiyacı var.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının missiyası səsverməni izləyir. Qurumun bazar ertəsi seçkinin nəticələrinə dair ilkin bəyanat verəcəyi gözlənilir.

XS
SM
MD
LG