Brüssel görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından ümidverici hesab edilir

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə üçtərəli formatda keçirilən görüş müsbət qarşılanır.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli, sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü hesab edir.

Nazirliyinin açıqlamasında deyilir ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb.

"Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf müqabillərinin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Görüş, həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", rəsmi açıqlamada qeyd edilir .

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib ki, mayın 14-də Brüsseldə keçirilən üçtərəfli danışıqlar daha məzmunlu olub.

"Danışıqlardan sonra Avropa İttifaqı Şurası rəhbərinin bəyanatında bütün məhbusların yaxın həftələrdə azad ediləcəyi ilə bağlı anlaşmanın olduğunu vurğulanıb".

Avropa İttifaqı Şurasının prezidentinin bəyanatında yer alan ərazi bütövlüyünün qarşılıqlı tanınmasına toxunan nazir müavini deyib ki, söhbət Sovet İttifaqının dağıldığı dövrdə mövcud olan sərhədlərdən gedir.

"Söhbət bu prinsipun Almatı bəyanatına uyğun gəldiyinin təsdiqindən gedir", nazir müavini deyib.

O, görüşdə daha çox konkret addımlarla irəliləyiş əldə edilməsinə yönəldiyini vurğulayıb.

"Avropa İttifaqı Şurasının prezidentinin səsləndirdiyi fikirlər budəfəki danışıqların daha məzmunlu olduğunu göstərir", Hovhannisyan bildirib.

"Ötən həftə xarici işlər nazirlərinin Vaşinqtonda apardığı danışıqlardan sonra bu gün Brüsseldə Şarl Mişelin ev sahibliyi etdiyi Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən beşinci görüşdən ümidverici xəbərlər var. NATO Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir".

Bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Twitter hesabında yazıb

Xavier Kolominanın statusu

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

"Liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı ifadə edibllər. Mən onların müvafiq səylərini yüksək qiymətləndirirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik" , məlumatda bildirillir.

Bəyanatda ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylərin saxlanılmalı olduğu vurğulanıb.

"Sərhəd məsələlərində biz sərhədlərin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu çərçivədə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşləri bərpa etmək barədə razılığa gəliblər" , Şarl Mişelin açıqladığı bəyanatda qeyd edilir.

Sənəddə, həmçinin liderlərin 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdiyi, sərhədin yekun delimitasiyasının danışıqlar yolu ilə razılaşdırılacağı bildirilir.

"Kommunikasiyalara gəlincə, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər. Bu mövzuda mövqelər hazırda bir-birinə çox yaxındır, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqəsinin bərpası ilə bağlı. Onların müvafiq qruplarına konkret qrafiklə yanaşı, dəmir yolu xəttinin açılması şərtləri və zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşdırılması tapşırılıb. Onlar həmçinin bu işin dəstəklənməsi üçün Ümumdünya Gömrük Təşkilatını cəlb etmək barədə razılığa gəliblər" , bəyanatda qeyd edilir.

Aİ Şurasının Prezidenti humanitar məsələlərin müzakirə edildiyini, tərəflərin yaxın həftələrdə daha çox məhbusun sərbəst buraxılacağı ilə bağlı razılığa gəldiyini, itkin düşənlərin taleyinin həlli və minalardan təmizləmə işlərinin gücləndirilməsinin vacibliyinin müzakirə olunduğunu qeyd edib.

"Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəm hazırlamağa çağırdım. Mən Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoqun aparılmasının zəruriliyi məsələsini də qaldırdım" , sənəddə bildirilir.

Avropa İttifaqı Şurasının Prezidenti bəyanatda qarşılıqlı məqbul nəticənin əldə edilməsi üçün düşmənçilik ritorikasından çəkinmək, vicdanla hərəkət etmək və liderlik nümayiş etdirməyin vacibliyini vurğulayıb.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq" , Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra, Brüssel görüşü ərəfəsində mayın 10-dan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.