Mayın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.
Məlumatda deyilir ki, Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəsinin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara "xələl gətirən təxribatçı addımları" barədə qarşı tərəfə məlumat verib.
İqor Xovayev isə regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.
İqor Xovayev mayın 10-da Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan və digər yüksək vəzifəli şəxlərlə müzakirələr aparıb. O, Yerevanda səfərdə olarkən Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Azərbaycan tərəfdən 1 hərbçi həlak olub, 1 hərbçi yaralanıb. Ermənistan tərəfdən isə 6 hərbçi yaralanıb. Hazırda cəbhə xəttində gərginlik davam edir.
Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsinin regiona səfəri mayın 15-də Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü ərəfəsinə təsadüf edir.