Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri (foto : Türkiyənin Azərbaycandakı səfirinin twitter səhifəsi)

"Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib".

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Twitter hesabında bildirib.

"Bakıdan yola çıxan, millətin iradəsini əks etdirən bülletenlər bizim YSK-ya (Türkiyənin Mərkəzi Seçki Komissiyası-red)çatdırıldı. Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik” - deyə, o qeyd edib.

Mayın 7-də Bakı vaxtı ilə saat 21-də Azərbaycanın Bakı, Gəncə və Naxçıvan şəhərlərində Türkiyədə prezident və parlament seçkiləri üzrə səsvermə başa çatıb.

Belə ki, Türkiyə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakı, 3-ü Gəncə, 3-ü isə Naxçıvanda yerləşir.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop bildirib ki, 3 gün davam edən səsvermədə Türkiyə vətəndaşları xüsusi fəallıq göstərib.

"Səsvermənin 1-ci və 2-ci günündə səsverməyə gələn insanlar arasında sıxlıq müşahidə olunub. Bu gün son gün olduğuna görə gələnlərin sayında azalma var. Ötən seçkilərlə müqayisədə bu seçkilərdə vətəndaşların aktivliyi rekord həddə çatıb", konsul qeyd edib.

Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

Prezidentlik uğrunda 4 namizəd mübarizə aparır. Bunlar "Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.