Accessibility links

Türkiyədə keçirilən parlament sammitində Rusiya və Ukrayna nümayəndə heyətinin üzvləri arasında əlbəyaxa dava olub


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən iclasında Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri arasında Ukrayna bayrağına görə dava düşüb. Bu barədə Türkiyənin Anadolu xəbər agentliyi məlumat yayıb.

Dövlət Dumasının deputatı Olqa Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyətinin üzvləri onun arxasında bayraqlarını açmağa cəhd edib və Rusiya əleyhinə şüarlar səsləndirib.

Rusiya nümayəndə heyətinin üzvləri buna müdaxilə etməyə çalışanda, əlbəyaxa dava düşüb. Məclisə sədrlik edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop məsələyə müdaxilə edərək, iclas iştirakçılarını sakit olmağa çağırıb.

Daha sonra tədbirdən kənarda ukraynalılarla ruslar arasında yeni münaqişə yaranıb. Bununla bağlı videonu Ukraynanın xalq deputatı Oleksandr Marikovski paylaşıb.

Kadrlardan göründüyü kimi, Rusiya nümayəndələrindən biri, Dövlət Dumasının deputatı Valeri Stavitski deputatın əlindən Ukrayna bayrağını alıb və naməlum istiqamətə aparmağa cəhd edib. Marikovski rus deputatı vurmağa və bayrağı geri almağa çalışıb. Türkiyə parlamentinin mühafizəçiləri nümayəndələri ayırmalı olub.

Rusiyanın Telegram kanalları diqqəti Marikovskinin bayraqla Rusiya Dövlət Dumasının deputatı Olqa Timofeyevanın jurnalistlərə şərh verərkən çıxmasına cəlb edib. Ukraynalı deputat bunu Rusiyanın ölkəsinə genişmiqyaslı hərbi müdaxiləsini xatırlatmaq üçün etdiyini vurğulayıb.

Rusiyanın Ankaradakı səfirliyindən verilən məlumata görə, davadan sonra Stavitski xəstəxanaya aparılıb.

XS
SM
MD
LG