Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Universitetlə tanışlıqdan sonra general-leytenant Ramiz Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb.
Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb.
Məlumatda deyilir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan Hərbi Hava Qüvvələri sisteminə hava hücumundan müdafiə qüvvələri də daxildir.
Aprelin 10-da ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarls Braun və Hərbi Hava Qüvvələri katibinin beynəlxalq məsələlər üzrə köməkçisi general-mayor Culian C. Çiter(Julian C. Cheater) Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla Pentaqonda görüşüb.
Görüşdə yüksək rütbəli liderlər regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə edib. Daha sonra Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil (Air Force Lt. Gen. Marc Sasseville) ilə də Pentaqonda görüşüb.