"İranın Bakıdakı səfirliyi oğlum Fərid Səfərlinin taleyi ilə bağlı aprelin 4-dək məlumat veriləcəyi ilə bağlı vədinə əməl etməyib. Bu gün aprelin 5-dir, hələ də səfirlik oğlumla bağlı mənə hər hansı məlumat göndərməyib. Hansı ki, martın 31-də İran səfirinin müavini ilə görüşümdə Almaniyadakı telefon nömrəmi onlara təqdim etmişdim".
Bu barədə fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Amerikanın Səsinə nazirliyin Fərid Səfərli ilə bağlı notasına İran tərəfinin hələ cavab vermədiyini bildirib.
Dilarə Əsgərova martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb. O, görüşdən sonra Amerikanın Səsinə deyib ki, səfir müavini geci aprelin 4-dək Fərid Səfərli ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab veriləcəyini bildirib. Belə ki, martın 9-da Fərid Səfərli ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirliyinə nota təqdim edib.
Dilarə Əsgərova martın son günlərində İranda da oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.
"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.
Dilarə Əsgərova Amerikanın Səsinə deyib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını bildirib.
Dilarə Əsgərov və Yena polisi İranın Almaniyadakı səfirliyinə də Fərid Səfərlinin taleyi ilə bağlı məlumat verilməsi üçün müraciət edib. Amma hələ bu müraciətlərə cavab verilməyib.