Martın 15-də Bakının Nəsimi rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsinə qərar verib.
Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, məhkəmə Əzizova 36 min manat maddi təzminatın ödəməsi ilə bağlı qərar verib.
2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra Ali Məhkəmənin Plenumu fəala bəraət verib.
"Biz məhkəməyə müraciət edərək 100 min manat məbləğində kompensasiya tələb etdik. Məhkəmə 36 min manat kompensasiyanı təyin edib və biz bu qərarla razı deyilik, apellyasiya şikayəti verəcəyik. Çünki eyni iş üzrə həbs olunmuş digər şəxslərə 66 min manat kompensasiya verilib və biz Nəsimi Rayon Məhkəməsinin qərarını ayrı-seçkilik hesab edirik", o qeyd edib.
Xatırladaq ki, 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA Vətəndaş Hərəkatı fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunub.
Fəallar prezident sərəncamı ilə 2016-cı ildə əfv olunub. Onlar verilən ittiham üzrə özlərini günahkar bilməyib. Hesab edirlər ki, bu hökm onların siyasi və ictimai fəalliyətlərinə görə olub.
Amnesty İnternational bu fəalları "vicdan məhbusu" kimi tanıyıb.
2021-ci ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi Əzizovun, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzlunun şikayətləri üzrə qərarında hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması qənatəinə gəlib. Avropa Məhkəməsi Azərbaycan hökumətinə Əzizova 20 min avro konpensasiya ödəmək öhdəliyi qoyub.
Bunun ardınca, Ali Məhkəmənin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəməmə qərarlarını ləğv edib, onlara bəraət verib.