NİDA Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadə evinin polislər tərəfindən nəzarətə götürüldüyünü bildirib. Onun sözlərinə görə, hazırda yaşadığı evin qarşısında iki avtomobildə polislər var.
“Onlar məni həbs etmək istəyirlər. Deyirlər ki, guya karantin qaydalarını pozmuşam. İndi olduğum evi polislər mühasirəyə alıb. Bundan öncə isə polislər atamı aparıb,” o, Amerikanın Səsinə müsahibəsində bildirib.
Rüstəmzadə karantin qaydalarını pozmadığını deyib.
“Mən karantin dövründə yalnız bir dəfə evi tərk etmişəm. Onda da 8103 sms vasitəsi ilə icazə almışam.”
NİDA fəalı polislərin evini nəzarətə götürməsinin səbəblərindən danışarkən deyib ki, o, sosial yardımlarla bağlı petisiyaya başlayıb. Bundan sonra ondan petisiyanı dayandırmaq tələb edilib. Lakin fəal petisiyanı dayandırmayıb.
“Bundan sonra mənə qarşı kampaniyaya başladılar. Həyat yoldaşımın adına da eskort səhifələrində səhifə açıb nömrəsini paylaşırlar. Ailəcə terrora məruz qalmaqdayıq. Yəqin ki, bir azdan sonra məni də həbs edib cinayət işi açacaqlar. Ola bilər yenə uzun müddətlik gedim,” o qeyd edib.
İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə də Amerikanın Səsinə polislərin evlərini nəzarətə götürdüyünü deyib.
“Onlar İlkini soruşur. Deyirlər ki, karantin qaydalarını pozub. Məni polislər əvvəlcə aparmaq istədilər, sonra yolda sərbəst buraxdılar. Hazırda evimizin qapısı ağzında polislər var,” o qeyd edib.
Rəsmi qurumlar NİDA fəalına qarşı olan fəaliyyətlə bağlı hələ açıqlama verməyib.