Azərbaycan və İran Tehranda səfirliyə silahlı hücumla bağlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edəcək

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasında qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.

Fevralın 13-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycan Baş prokuroru Kamran Əliyev ilə İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub.

Baş prokurorlar yanvarın 27-də İranda Azərbaycan səfrilyinə silahlı hücumla bağlı aparılan istintaqla ətrafında müzakirə aparıb.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, Baş prokuror Montazeri Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirib.

“O Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında ətraflı məlumatlandırıb”, məlumatda qeyd edilir.

Kamran Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı “törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb.”

Baş prokuror Əliyev İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Mətbuat xidməti bildirir ki, hər iki tərəf cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Tehran Cinayət Məhkəməsinin prokuroru bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan Səfirliyinə hücumu terror aktı kimi qiymətləndirib.

“Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram”, o bildirib.

Prezident terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldığını bildirib.

Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2 (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1 (terrorçuluq), 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanılıb.