İran Azərbaycanından olan milli fəallar və siyasi təşkilatlar yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə əməkdaşlardan birinin ölümülə nəticələnən hücumu pisləyib.
İran Azərbaycanının dörd partiya və təşkilatı yaydıqları birgə bəyanatda hücümu “terror aktı” adlandırıb. Birgə bəyanata Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı və Güney Azərbaycan Demokrat Partiyası imza atıb.
Bəyanatda xarici ölkələrin Tehrandakı səfirliklərinə qarşı “terror aktlarının görünməmiş hadisə olmadığı” və buna bənzər hadisələrin “dəfələrlə” baş verdiyi qeyd edilib. “Azərbaycan Respublikası səfirliyinə terror cinayətində hadisəni planlaşdıranlar hadisəni törədən şəxsin psixi problemlərindən istifadə edərək, bu cinayəti həyata keçirmək üçün xüsusi silah və vasitələrlə təmin ediblər,”bəyanatda qeyd olunub.
Həmçinin Azərbaycan Demokratik Birliyi Tehrandakı Azərbaycan səfirliyinə hücum barədə bəyanat yayaraq, bunu terror aktı adlandırıb və bu hadisəni pisləyib. Güneyli siyasi qurum İran polisini və Kəşfiyyat Nazirliyini səfirliyə hücumun qarşısının alınmasında “diqqətsiz və məsuliyyətsiz” davranmaqda ittiham edib. Bəyanatda həmçinin İran İslam Respublikasının uzun illər Azərbaycan hökumətinə qarşı yürütdüyü “təxribatlar və nifrət kampanıyası”nın buna bənzər hadisələrin baş verməsinə təsirii olduğu vuğulanıb.
Təbriz Araşdırmaları İnstitutu da səfirliyə hücuma görə məsuliyyət daşıyanların “İran İslam Respublikası rəsmiləri” olduğunu bildirərək, hücumun törədənlər və onu planlaşdıranlarının dərhal cəzalandırılmasını tələb edib.
İran Azərbaycanından olan bir çox milli fəal və digər siyasi təşkilat və partiyaların təmsilçiləri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumu terror aktı olaraq pisləyib.
Habelə Dr. Rza Heyət öz Twitter hesabında "Güney Azərbaycan Geçici Milli Məclisi Təşkilat Komitəsi" adına bəyanat yayımlayıb. Bəyanatda hücumun "İran rejiminin bilgisi və onayı" ilə həyata keçirildiyi vurğulanıb.
Jurnalist və yazıçı Rza Talibi Twitter hesabında paylaşdığı bir tvitdə İranda səfirliklərə hücumu illərdir təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən bir “mexanizm” kimi qiymətləndirib.
“Səfirliklərə hücum prosesi bir mexanizmdir ki, təhlükəsizlik qüvvələri uzun illərdir beynəlxalq gərginliklər məqsədilə istifadə edib və hər bir hadisədə sözdə xalq qüvvələri deyilən özbaşına adamlar hücumun səbəbkarları kimi göstərilib”-deyə, güneyli fəal qeyd edib.
Güneyli siyasi fəal Məcid Araz isə bir tvitində səfirliyə hücumla bağlı İran mediası tərəfindən yayımlanan ssenarinin "məntiqsiz və ziddiyyətli" tərəflərinin olduğunu qeyd edib.
İran rəsmiləri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu “şəxsi motiv”lə bağlı olduğunu bildirsə də, güneyli siyasi fəallar “üzdə şəxsi məqsədlərlə həyata keçirilən hücumun arxasında əslində planlı bir əməliyyat olduğunu və ya İran hakimiyyətinin bilgisi daxilində baş verdiyini” düşündüklərini deyirlər.