Yanvarın 24-də həbsdə olan “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qüsuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.
O, jurnalistin 5 ay həbsdə olduğu müddətdə ailəsi ilə görüşə və telefon danışığına qoyulan məhdudiyyətə etiraz etdiyini bildirib.
"Əvəz Zeynallı dövləti cinayət törətməyib və ailəsi ilə görüşüb əlaqə saxlamaq onun doğal hüququdur".
Məlahət Qüsuri bütün sivil variantlara əl atdığını qeyd edib.
"Prezidentə müraciət etdim, ondan sonra Əvəz Zeynallı, mən ombudsmana müraciət etdik, onlar dedilər ki, mümkün qədər kömək edəcəklər, amma görünür ki, bacarmırlar, dəfələrlə həm canlı efirdə, həm ərizə ilə yazırıq amma cavab yoxdur. Düşünürdüm ki, Prezidentə müraciətdən sonra bu qadağalar aradan qalxacaq, çünki Əvəz Zeynallının həbsi qanunsuzdur, saxta ittihamlarla həyata keçirilib və ailəsi ilə görüşünün qarşısının alınması təzyiq üsuludur", o qeyd edib.
Jurnalistin həyat yoldaşı yenə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Eyvazova müraciət edərək telefon danışığı və görüş qadağalarının aradan qaldırılmasını istəyib.
Məlahət Qüsuri həmçinin axtarış zamanı evlərindən götürülən və qızlarının təhsil haqqı üçün nəzərdə tutulan vəsaitin ailəsinə qaytarılması ilə bağlı göstəriş verilməsini istəyib.
Onun sözlərinə görə, Əvəz Zeynallının səhhətində ciddi problemlər var.
"Saxlandığı təcridxananın tibbi müəssisəsində ona zəruri göz əməliyyatı aparılmaması üçün müxtəlif bəhanələr gətirilir və heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir. O zaman Əvəz Zeynallını ev dustaqlığına buraxıb zəruri müayinəsi və əməliyyatı üçün müvafiq orqanlar lazımi addımlar atmalıdılar".
Məlahət Qüsuri bildirib ki, tələbləri yerinə yetirilməyənə qədər hər həftə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirəcək.
O, Amerikanın Səsinə bildirib ki, Baş Prokuroprluğun Istintaq İdarəsinin rəis müavini Qasım Məmmədov tərəfindən qəbuil edilib.
"Qasım Məmmədov dedi ki, iki-üç gün müddətində qaldırdığım problemlə bağlı məsələyə baxılacaq", jurnalistin həyat yoldaşı qeyd edib.
Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.
Rüşvət ittihamı "Baku Steel Company" MMC - poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. "Xural TV" rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. "Xural TV" rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulub.
Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.
Elçin Sadıqov sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.
Bu il yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Əvəz Zeynallı haqqında həbs qətimkan tədbirinin müddətini aprelin 8-dək uzadıb.