Azərbaycan qazının Rumıniyaya nəqli başlayıb

SOCAR və "Romgaz" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanarkən.(Arxiv foto, mənbə İqtisadiyyat Nazirliyi)

Azərbaycan yanvarın 1-dən Rumıniyaya təbii qazın nəqlinə başlayıb. Azərbaycan qazının Rumıniyaya tədarükü üzrə müqaviləyə görə, aprelin 1-dək bu ölkəyə 300 milyon kubmetr qaz ötürüləcək.

Təbii qaz Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə ilə nəql ediləcək.

Bu barədə "Romgaz S.A." şirkətinin məlumatında deyilir.

Ötən il dekabrın 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Romgaz S.A." arasında Azərbaycandan Rumıniyaya qaz tədarükünə dair müqavilə imzalanıb.

SOCAR-ın məlumatında deyilir ki, müqavilə 2023-cü il yanvarın 1-dən etibarən təbii qazın Cənub Qaz Dəhlizinin Avropa qolu olan Trans-Adriatik boru kəmərinin (TAP) Yunanıstan-Komotini çıxış nöqtəsindən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə planlı nəqlini nəzərdə tutur.

Rumıniyaya qaz tədarükünə dair müqavilə 2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində imzalanıb.

SOCAR bildirir ki, memorandumun əsas məqsədlərindən biri Avropa İttifaqına təbii qaz tədarükünü artırmaq və enerji təhlükəsizliyinə töhfə verməkdir.

Memorandum imzalanarkən Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen bildirib ki, Azərbaycandan qaz ixracı iki dəfə artırılacaq.

"Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək", o qeyd edib.

Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Cernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır.

"Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Azərbaycan on ildən artıqdır ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısıdır" , o qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycana son vaxtlar 10-dan çox ölkə - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən qaz tədarükünün artırılması və ya qaz təchizatına qoşulma tələbi ilə müraciətlər daxil olub