Accessibility links

Avropa İttifaqının komissarı: Cənub Qaz Dəhlizi Rusiya kimi etibarsız tərəfdaşdan kənarda əsas rol oynayacaq


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson iyulun 18-də Azərbaycana səfər edəcək.

Avropa İttifaqının məlumatına görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.

Aİ-nin komissarı Kadri Simson Azərbaycanın Report agentliyinə müsahibəsində bildirib ki, Azərbaycandan planlaşdırıla bilən və qarşılıqlı fayda kəsb edən təbii qaz nəqli enerji böhranı dövründə sabitliyin faktorudur.

“Cənub Qaz Dəhlizinin genişlənməsi Aİ-yə təbii qaz nəqli üçün cəlbedici və sabit şəraiti təmin etməklə, Aİ və Azərbaycan arasında uzunmüddətli enerji tərəfdaşlığının xarakterini əks etdirəcək. Quracağımız tərəfdaşlığın gələcəkdə təbii qaz çərçivəsindən çıxması çox vacibdir. Biz hidrogen istehsalının və infrastrukturun inkişaf etdirilməsi, həmçinin bərpa olunan enerji mənbələri sahəsində digər layihələr üzərində işləmək istəyirik.”

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi REPowerEU planında siyasi prioritet və Rusiya qazından imtina edildiyi bir zamanda Aİ-yə enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi üçün əsas tədbir kimi müəyyən edilib.

“Artıq qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizi Rusiya kimi etibarsız tərəfdaşdan kənarda şaxələndirmə planlarımızda əsas rol oynayacaq. Azərbaycan təbii qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinin artırılması Bakıda aparılacaq müzakirələrdə əsas rol oynayacaq. Əminəm ki, mövcud və gələcək ehtiyaclarımızı təmin edəcək və “yaşıl” texnologiyalara keçidi dəstəkləyəcək enerji tərəfdaşlığı qura biləcəyik,” Aİ-nin komissarı Kadri Simson qeyd edib .

Bu gün, iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirib ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bu sənəd əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Dövlət başçısı həmçinin deyib ki, bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılır.

“Bildiyiniz kimi, biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq,” o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG