Accessibility links

Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə edilib


Mayın 17-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Bu barədə Oliver Varhelyi özünün Twitter səhifəsində bildirib.

Onun sözlərinə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19 pandemiyasından sonrakı iqtisadi bərpa, TAP kəmərinin potensialı müzakirə edilib.

Rəsmi məlumatlara görə, Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minib) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib.

2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

2015-ci ilin mayında Şərq Tərəfdaşlığı üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim edib.

Saziş layihəsi üzrə danışıqlar hələ də davam edir.

Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Belə ki, Aİ Azərbaycanın ixracda 45.87%, idxalda isə 27.89% payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neft və qaz təşkil edir (ümumi ixracın 98%).

XS
SM
MD
LG