Accessibility links

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan qaz layihəsinə dair Bakı bəyannaməsi imzalayıb


Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan qaz layihəsinə dair Bakı bəyannaməsi imzalayıb
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan qaz layihəsinə dair Bakı bəyannaməsi imzalayıb

Layihə Azərbaycan qazının Rumıniya və digər Avropa ölkələrinə nəqlini nəzərdə tutur

Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Basesku, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orbanın “Azerbaijan-Georgia-Romania Interconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşü olub. Görüşün yekununda AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzalanıb.

Prezident İlham Əliyev bildirib ki, tərəflərin maraqlarının tarazlığı layihənin həyata keçirilməsinin vacib şərtidir. “Biz burada tarix yazırıq”, - deyə o qeyd edib.

Dövlət başçısının fikrincə, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. “Hazırda Azərbaycanın 7 neft-qaz kəməri var və bu kəmərlər neft və qazı müxtəlif istiqamətlərə nəql edir”.
Prezident Azərbaycanda bu il 28 milyard kubmetr qaz hasil olunmasının nəzərdə tutulduğunu deyib. “Yerli tələbat ildə 10-11 milyard kubmetr təşkil edir. Qazın qalan hissəsi ixrac olunmaqla yanaşı, anbarlara vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır. Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq”.

Cənab Əliyev layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyini qeyd edib. “Layihədə beynəlxalq maliyyə qurumlarının iştirakı zəruridir”.
Gürcüstan prezidenti Mixeil Saakaşvili AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirakını mühüm hadisə adlandırıb. “Macarıstanın layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcəkdir”.
Rumıniya prezidenti Trayan Basesku bildirib ki, layihənin icrası Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. “Layihənin icrası Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir. Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir”, - deyə o qeyd edib.

Rumıniya prezidenti layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyib. “Mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaqdır. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaq”.
Macarıstanın Baş naziri Viktor Orban Macarıstanın layihəyə sadiq olduğunu deyib. “Layihə Avropa İttifaqına töhfə verəcək”, - deyə o vurğulayıb.
Bu gün Bakıda AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) qaz nəqliyyatı layihəsi çərçivəsində birgə müəssisə yaradılması haqqında saziş də imzalanıb. Sazişi Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Neft-Qaz Korporasiyası və Rumıniyanın Romqaz şirkəti imzalayıblar. Birgə Müəssisədə tərəflərin pay iştirakı bərabərdir.
Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir ki, Birgə Müəssisənin mərkəzi ofisi Buxarestdə yerləşəcək. Müəssisə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması və investisiya axtarışı ilə məşğul olacaq.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev yerli mediaya dediyinə görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 - 4,5 mlrd. avro təşkil edəcək. Bu zaman üç layihə gücü variantına baxılır - ildə 2 mlrd., 5 mlrd. və 8 mlrd. kubmetr qaz. Layihənin 20 ay ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Maye qazın emalı və nəqli sahəsində əməkdaşlıq haqqında AGRI layihəsi üzrə memorandum 13 aprel 2010-cu ildə Buxarestdə imzalanıb.

Müstəqil ekspertlər də layihənin əhəmiyyətini qeyd edir. Ekspertlərin fikrincə, layihə səmərəlidir və tezliklə investisiyalar cəlb ediləcək. “İqtisadi və Sosial İnkişaf” Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüqar Bayramov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, AGRİ layihəsi Nabucco-ya alternativ deyil. “Azərbaycanın həm mövcud qaz kəmərləri, həm AGRİ layihəsi, həm də Nabucco kəməri ilə nəql ediləcək qədər qaz ehtiyatları var”.

XS
SM
MD
LG