Almaniyada yaşayan 23 Azərbaycan vətəndaşı deportasiya olunub

Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan vətəndaşların readmissiyası haqqında saziş çərçivəsində noyabrın 30-da 23 Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib. Son readmissiya hüquq müdafiəçilərinin Azərbaycan deportasiya edilən şəxslərin siyasi motivli təqiblərə məruz qalması barədə narahatlıqları fonunda baş verir.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin dekabrın 1-də yaydığı məlumatda deyilir ki, geri qəbul prosesi koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilib.

Məlumatda qeyd edilir ki, Reinteqrasiya üzrə İşçi Qrup readmissiya olunan vətəndaşların üzləşə biləcəkləri mümkün çətinliklərin həlli üzrə tədbirlər həyata keçirir.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2014-cü ildə Azərbaycan və Aİ arasında readmissiya haqqında saziş imzalandıqdan sonra 2021-ci ilin sonlarına qədər 2013 vətəndaş Azərbaycana qaytarılıb. Onların 420 nəfəri keçən il readmissiya olunub.

Azərbaycanlı hüquq müdafiəçiləri ölkəyə deportasiya edilmiş bir sıra vətəndaşların sonrada həbs edildiyini əsas gətirərək Almaniya hökumətini dəfələrlə tənqid ediblər.

Ötən ay DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının təşkilatçılığı ilə Almaniyanın Gissen şəhərində “Giessener Allgemeine” və "Giessener Anzeiger” qəzetlərinin ofislərinin önündə “Almaniyadan deportasiya edilərək Azərbaycanda həbs edilmiş Ziya İbrahimov və digər mühacir məhbusların azad olunması üçün həmrəy olaq” adlı aksiya keçiriilib.

Aksiyanın müraciətində Azərbaycan hakimiyyətindən readmissiya haqqında sazişin prisiplərinə əməl etməsi, Mütəllim Orucovun, Malik Rzayevin, Cəfər Mirzəyevin, Pünhan Kərimlinin, Ziya İbrahimovun, Samir Aşurovun, Anar Əliyevin, Rəşad Ramazanovun və bütün siyasi məhbusların azad edilməsi, Almaniya Xarici İlər Nazirliyindən Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqları kontekstinə diqqət yetirməsi tələb edilir.

Azərbaycan hüquq mühafizə orqanlarının rəsmiləri ölkənin readmissiya ilə bağlı öhdəliyinə əməl etdiyini, deportasiya edildikdən sonra həbs edilən şəxslərin cinayət əməlləri törətdiklərini bildirib. Hüquq mühafizə orqanlarının təmsilçiləri işgəncələrlə bağlı bəyanatların da reallığı əks etdirmədiyini, həbsdə olan insanların və onların yaxınlarının bu tipli bəyanatlarının diqqəti cəlb etmək üçün müdafiə məqsədi daşıdığını deyib. Azərbaycan hökuməti həmçinin bir qayda olaraq ölkədə fundamental azadlıqların tam bərpa edildiyini, insanların mövqeyinə görə təqib edilmədiyi və siyasi məqsədlərlə həbs edilmədiyini bəyan edir.