Accessibility links

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəalın səhhətində problemlər yaranıb


AXCP sədri Əli Kərmli və partiya fəalı Mütəllim Orucov (Arxiv foto, mənbə VOA)
AXCP sədri Əli Kərmli və partiya fəalı Mütəllim Orucov (Arxiv foto, mənbə VOA)

Almaniyadan deportasiya olunduqdan sonra həbs edilmiş fəal Mütəllim Orucov istintaq təcridxanasında səmərəli tibbi yardım göstərilməməsindən gileylənir.

Oğlu Elvin Orucun Amerikanın Səsinə verdiyi məlumata görə, fəalın təzyiqi davamlı olaraq yüksəkdir (yuxarı göstərici 170-180-dir). İstintaq təcridxanasında hər hansı müalicə aparılmır.

"Atamın səhhətində onsuz da ciddi problemlər var. O, Almaniyadan deportasiya olunmazdan əvvəl ağır formada koronavirus keçirib. Üç həftə xəstəxanada yatıb, həbs isə virusun fəsadlarını artırıb," o bildirib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə Mütəllim Orucovun səhhətində ciddi problemlər olduğunu və ona səmərəli tibbi yardım göstərilmədiyini təsdiq edib.

Vəkil xatırladıb ki, oktyabrın 21-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Orucovu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Kərimli hökmdən apellyasiya şikayəti verib.

Məhbusların sağlamlığının müdafiəsi məsələləri ilə məşğul olan Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən şərh almaq mümkün olmayıb.

Orucov ötən il iyunun 1-də readmissiya qaydasında Almaniyadan deportasiya olunub. Oktyabrda o, böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Mütəllim Orucov itihamı qəbul etmir və təqibinin əsl səbəbinin Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Avropada keçirilən aksiyalarda iştirak etməsinin olduğunu bildirir.

XS
SM
MD
LG